<b><span style="color:red;">20 il sonrakı görüş:  “Elə sevinirəm ki...” – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ </b>
09 iyul 2014 13:13 (UTC +04:00)

20 il sonrakı görüş: “Elə sevinirəm ki...” – ƏSİR DÜŞƏRGƏSİ

 

O 19 ildən sonra bütün həyatını borclu hesab etdiyi insanla qarşılaşıb... İlk məktubu da Müşfiq yazıb: “Salam, Pyer! Bu Müşfiqdir, Xankəndinin Malıbəyli kəndində rastlaşdığınız girov. Sizi tapdığıma çox sevinirəm. Necəsiz?”

 

Pyerin cavabı gecikməyib: “Eh!!!! Müşfiq, səni görməyimə necə şadam!!! Sənin haqqında bu yaxınlarda, Azərbaycandan, Lent.az saytından bir jurnalist mənə yazanda eşitmişəm. Səni belə gördüyümə elə sevinirəm ki! Şəklinə baxıram, çox xoşbəxt görünürsən, bu məni sevindirir! Mən yaxşıyam, indi evdəyəm, uzun müddət İraqda oldum... Hələlik bir az dincəlirəm. Sən necəsən? Həyatında hər şey qaydasındadır?”

 

Yazışmanın davamını açıqlamayacam. Bu iki BÖYÜK insanın – on beş yaşından erməni əsirliyində olan, yaşadığı bütün əzablara rəğmən həyatını riskə atıb əlinə düşən hər fürsətdə əsirlərə çörək oğurlayıb gətirən Müşfiq Əliyevlə, rastlaşdığı gəncin başına gələnlərlə tanış olanda “özümə söz verirəm, mənim müddətim bitsə də, vaxtımı uzatdırıb səni burdan xilas edib öz vətəninə, doğmalarının yanına qaytarmayınca bu torpaqlardan getməyəcəm” deyən BQXK nümayəndəsi Pyer Reyçelin yazışmasıdır...

 

Müşfiq özünün qoruyucu mələyi, Pyer isə yaratdığı əsəri ilə yazışır...

 

Bir insan bir insana yaxşı əməlləri üçün təşəkkür edir, bir insan bir insana baxıb onun səadəti ilə xoşbəxt olur...

 

...Bu yerdə “Nə olsun?” deyə də bilərsiz...

 

Müşfiqin həyat hekayəsini oxuyan oxucularımız redaksiyamıza da, mənə də “Pyeri tapmaq lazımdır” kimi mesajlar yazırdılar...

 

Mən sadəcə gözlərimi dolduran bu xəbəri Sizinlə, əziz oxucularımızla paylaşmaq istədim. Onların illər sonra münasibətini bərpa eləməsinə ən azı mənim qədər sevinəcəyinizdən əminəm...

 

Bu yerdə görüşün səbəbkarı Lent.az haqda bir neçə abzas bəzəkli cümlələr yaza və ya başqa yerlərdə yazılmış hazır cümlələri “copy” edə bilərdim. Amma heç nə deməyib sadəcə təşəkkür edirəm. Əziz Lent.az, sən növbəti dəfə də oxucularını yanıltmadın. Müşfiq də, Pyer də, Sən də yer üzündə daimi olan təkcə YAXŞILIQ olduğunu bir də yadımıza saldın...

 

Yaxşılığa davam!

# 7627
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar