“Akkord” Şirkətlər Qrupu xüsusi açıqlama yayıb
12 iyul 2010 10:30 (UTC +04:00)

“Akkord” Şirkətlər Qrupu xüsusi açıqlama yayıb

“Akkord” Şirkətlər Qrupu mətbuatda barəsində yazılanlarla bağlı açıqlama yayıb. “Akkord” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumatda bildirilib ki, son günlər bəzi informasiya vasitələrində, o cümlədən “Yeni Müsavat” qəzetinin 11 iyul 2010-cu il tarixli sayında “Akkord” Şirkətlər Qrupu barədə “AKKORD” PKK-çıları himayə edir” başlıqlı yazı dərc edilib.

Şirkət açıqlamasında bu xəbəri “yalan və qərəzli” adlandıraraq, “şirkətin nüfuzuna xələl gətirilməsinə xidmət edən uğursuz cəhd” kimi qiymətləndirib.

“Yeni Müsavat” qəzetinin xalqdan.info saytdakı “AKKORD” Mingəçevirdəki müəssisəyə xeyli sayda kürd cəlb edib” başlıqlı yazını “AKKORD” PKK-çıları himayə edir” başlığı ilə təqdim etdiyinin bildirildiyi açıqlamada “Akkord” Şirkətlər Qrupunun adının türk dünyasına qənim kəsilmiş və illər boyu bütün fəaliyyətlərini bu məqsədə kökləyən, dünyada terrorçu bir təşkilat kimi tanınan PKK ilə əlaqələndirilməsinə hiddət ifadə edilib.

Açıqlamada qeyd olunub ki, yazıda adı çəkilən “Mingəçevir Maşınqayırma Zavodu” ASC Prezidentin “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına əsasən yenidən qurulub: “Mingəçevir Maşınqayırma zavodu” ASC 16 iyul 2009-cu il tarixdən “Akkord” Şirkətlər Qrupunun tərkibinə daxil olub və həmin vaxt üçün işçilərinin sayı 50 nəfər, istehsal edilən məhsulun ümumi həcmi isə 54.6 min manat olub.

“Akkord” Şirkətlər Qrupunun tərkibinə daxil olan gündən başlayaraq həmin müəssisədə məhsul istehsalının həcmini artırmaq istiqamətində ciddi işlər həyata keçirilməyə başlandı. 2009-cu ilin sentyabrından etibarən zavodda yenidənqurma işlərinə start verildi. Əvvəllər maşınqayırma məhsulları istehsal edın müəssisədə ehtiyat hissələrinin və metalkonstruksiyaların istehsalına başlamaq üçün hazırlıq işləri görüldü. 2009-cu ilin sentyabr ayında Mingəçevir Maşınqayırma zavodunda 4 min ton metalkonstruksiya hazırlanması işlərinə başlandı. Bununla da müəssisədə yeni iş yerlərinin açılması üçün real imkanlar yarandı. İstehsal ediləcək məhsulun həcminə uyğun imkanlar hesablanaraq avadanlıqların sayı müəyyənləşdirildi və sifarişlər qəbul edildi. 2010-cu ilin əvvəlindən müəssisədə müasir texnika və texnologiyaların tətbiqi ilə əlaqədar olaraq 600 min avro məbləğində investisiya qoyuluşu panlaşdırılaraq həyata keçirildi. 40-a yaxın müasir avadanlıqlar quraşdırılaraq istehsala buraxıldı.

Avadanlıqlar alınarkən bağlanmış müqavilələrə uyğun olaraq avadanlıqların sazlanması və işə buraxılması işlərinə əcnəbi mütəxəssislər dəvət edildi. Hazırki dövrədək onların bir çoxu işlərini başa vuraraq vətənlərinə qayıdıblar və bu mütəxəssislərdəncəmi bir neçə nəfəri yeni texnologiyanı yerli işçilərə öyrətmək məqsədi ilə müvəqqəti olaraq müəssisədə saxlanılıb.

Ötən dövr ərzində müəssisənin istehsal həcminin artması və yeni texnologiyalarla təchizatı təcrübəli işçi qüvvəsinə tələbatı artırmış və bu məqsədlə açılmış yeni iş yerlərinə uyğun olaraq işçi qəbuluna başlanıb. Yerli televiziya, “101 FM” radiosu, eyni zamanda “Birja” və “Super Market” qəzetləri vasitəsi ilə işə qəbul barədə elanlar verilib, həmçinin, Şirkətin İnsan Resursları Departamentinin məsul işçiləri Əmək Birjalarında iştirak edərək vakansiyalara uyğun olaraq yeni işçilərin işə cəlb edilməsi ilə məşğul olublar. Beləliklə, 1 iyun 2010-cu il tarixinə işçilərin sayı 171 nəfərə çatdırılıb. Hazırda müəssisədə istehsalın həcmi xeyli artıb və yaxın aylarda əvvəlki göstəriciləri dəfələrlə geridə qoymaq perspektivi yaranıb.

27 mart 2010-cu il tarixdə zavodun səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş qərara uyğun olaraq 1 aprel 2010-cu il tarixdən “Mingəçevir Maşınqayırma zavodu” ASC-nin əmlakı “Akkord-İnşaat Sənaye” ASC-yə icarəyə verilib.

Məqalədə göstərilən başqa bir məqamla bağlı bildiririk ki, məhsul istehsalının həcminə uyğun olaraq mal-material sifarişləri xarici ölkələrə verilib və onların alınmasında obyektiv səbəblərdən gecikmələr olub.

Nəticədə, 1 iyun 2010-cu ildə qarşılıqlı razılıq əsasında işçilərin 17 nəfəri haqqı ödənilməyən məzuniyyətə buraxılıb. Lakin onların bir qismi cəmi bir həftədən sonra, bir qismi isə 15 gündən sonra geri çağırılaraq iki növbəli iş rejiminə keçidlə əlaqədar işə cəlb ediliblər.

“Mingəçevir Maşınqayırma zavodu” ASC Qazax rayonunda inşa edilən və Şirkətə məxsus Sement zavodu üçün avadanlıqların istehsalı ilə də məşğul olur. Belə ki, Sement zavodu üçün lazım olan avadanlıqların xarici ölkələrdən alınması maliyyə baxımından sərfəli olmadığından bu qeyri-standart avadanlıqların hazırlanması üçün də xüsusi biliyə malik olan mütəxəssislərin zavoda cəlb edilməsi vacib hesab edilib.

10 iyul 2010-cu il tarixə olan müddətə zavodda 171 nəfər işləyir ki, onlardan 20 nəfəri yeni texnologiyaların mənimsədilməsi məqsədi ilə, müqavilə əsasında dəvət edilmiş xarici vətandaşlardır.

Hazırda zavodda işin həcmi 2009-cu ilə nisbətən 30 dəfədən çox artıb və daha 50 nəfərə yaxın yeni işçiyə tələbat yaranıb. Bu barədə də yerli televiziyada elanlar verilib. Müəssisə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin tələblərinə zidd olaraq yerli mütəxəssislərin işdən azad edilməklə və ya ixtisar olunmaqla əvəzinə əcnəbi vətəndaşların işə qəbul edilməsi hallarına yol verilməyib.

Məlumat üçün onu da bildiririk ki, hazırda “Akkord” Şirkətlər Qrupu Almaniya, İtaliya, Türkiyə və sair dövlətlərdən xüsusi təcrübəsi olan və müəyyən sahələr üzrə beynəlxalq layihələrdə çalışmış yüksək ixtisaslı 39 əcnəbi vətəndaşı işə cəlb etməklə təcrübələrindən istifadə edir və yeni texnologiyaların tətbiqini durmadan genişləndirir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2258

Oxşar yazılar