Rəzalət, rəzalət, rəzalət!!!!
05 iyun 2009 19:15 (UTC +04:00)

Rəzalət, rəzalət, rəzalət!!!!

“Yeni Müsavat” qəzeti Azərbaycan Ordusunda baş vermiş dəhşətli hallarla bağlı istintaq materiallarını təqdim edib

Bu il mayın əvvəlində Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb. “Yeni Müsavat”ın əldə etdiyi ittiham aktına görə, «N» saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar - Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.
***
Cinayət işində adı keçən 5-ci hərbiçi isə leytenant Rəşad Razim oğlu Abışovdur. O, dəstə başçısı leytenant E.Məmmədova qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular verməkdə təqsirləndirilir. E.Məmmədov və onun əlaltıları isə Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 274-cü (dövlətə xəyanət), 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), 338-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 349-cu (hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər. Tükürpədici cinayət işindəki ifadələrlə tanış olduqca ordumuzda münasibətlərin necə formalaşmasını çılpaqlığı ilə görmək mümkündür.
«...Kim istəmirsə, mobil telefona kontur yükləsin»

İttiham aktına görə, 2008-ci ilin fevralından başlayaraq, «N» saylı hərbi hissənin zenit-pulemyot manqasının komandiri, kiçik çavuş Elçin İbad oğlu Məmmədov digər kiçik çavuş Samir Tağıyevlə birlikdə əsgər Elməddin Əliyevi digər əsgər Nurlan Novruzovu döyməyə məcbur ediblər. Onların əmri əsasında E.Əliyev N.Novruzovun əllərini qapıya bağlayıb. Bundan sonra isə kiçik çavuşlar əllərini bir-birinin çiyninə qoyaraq əsgər N.Novruzovun qarın nahiyəsinə təpiklə zərbələr vurublar. Elməddin Əliyevi də yumruqla N.Novruzovun qarnından vurmağa məcbur ediblər.
Əsgərlər Nurlan Novruzov, Rəşad Şahbazov, Rəsul Məmmədov və Novruz Axundovu sıraya düzən çavuşlar «hamınız blindaj»ın ətrafına posta çıxırsınız, kim istəmirsə, mobil telefona kontur yükləsin» deməklə onları telefonlarına kontur yükləməyə məcbur ediblər.
İşgəncədən huşunu itirən əsgəri təpikləməklə ayıldıblar

Çavuşların qanunsuz göstərişini icra etməkdən imtina edən əsgər Rəsul Məmmədov döyülüb. R.Məmmədovun verdiyi ifadədən məlum olur ki, sonradan onu əsgər yoldaşı Nurlan Novruzovun bədəninə hər birinin 9 kiloqram ağırlığı olan 5 ədəd zirehli gödəkçə geyindirməyə məcbur ediblər. Bu vəziyyətdə Nurlan Novruzova 1 saat ərzində «blindaj»ın ətrafında saatdar kimi dairə vurub parol dedizdirən çavuşlar onu təhqir etməkdən də çəkinməyiblər.
Əsgərin anasını söyüb üzünə «DŞK silləsi» vurublar

Bir neçə gün sonra Nurlan Novruzovun bədəninə yeddi ədəd zirehli gödəkçə geyindirən çavuşlar onu yenidən «blindaj» ətrafında qaçırıblar. İşgəncə əsgər huşunu itirənə qədər davam etdirilib. Özündən gedən əsgəri təpikləyərək ayıldan çavuşlar həmin gün ona təkrarən beş ədəd zirehli gödəkçə geyindirib bir saat ərzində sığınacağın ətrafında qaçırdıblar. Bundan sonra bədənində bir gödəkcə saxlamaqla bir saat ərzində sığınacağın içində taqım komandirinin otağının qarşısında dayanmasını əmr ediblər. Lakin bununla da kifayələnməyib təpiklə ona zərbələr vurublar. Axşam vaxtı isə sığınacağın içində Nurlanın sifət nahiyəsinə sillələr vuraraq ana-bacı söyüşü ilə onu təhqir ediblər. Sillələr əsgərin sifətinə vurularkən kiçik çavuşlar hərəkətlərini «DŞK silləsi» kimi adlandırıblar.
ƏMR: «Döyüşə» komandası ilə sürünərək ayaqyoluna

Bir neçə gün sonra əsgər Nurlan Novruzova «döyüşə» komandası verən çavuşlar, onu ayaqyoluna və geri, sığınacağa qədər sürünməyə məcbur ediblər.
Əsgərləri it kimi boğuşdurub bir-birini dişləməyə məcbur ediblər

2008-ci ilin fevral ayının ortalarında Elçın Məmmədov kiçik çavuş Samir Tağıyevlə birlikdə «DŞK» silahını sığınacaqda çarpayının üstünə qoyaraq kəndiri əsgər Novruz Axundovun boğazına keçirib həmin silaha bağlayıblar. Əsgər Rəşad Şahbazovu isə düşmən qismində yaxınlaşıb silahı götürməyə, N.Axundovu isə bunun qarşısını almaq üçün it kimi hürməyə məcbur ediblər. Hər iki əsgəri özlərinin iti elan edən kiçik çavuşlar onların yalvarışlarına məhəl qoymadan paltarlarını soyundurublar. Fevral ayının soyuq günlərindən biri olmasına baxmayaraq, lüt vəziyyətdə hər iki əsgəri it kimi boğuşmağa, bir-birini dişləməyə məcbur ediblər.
Hürməyən əsgəri odun kötüyü ilə vəhşicəsinə döyüblər

Sonra əsgərləri çöldəki odunluqda kəndirlə bağlayaraq, onlardan it kimi hürmələrini tələb ediblər. Əsgər R.Şahbazov bundan imtina etdiyindən hər iki kiçik çavuş onu vəhşicəsinə odun kötüyü ilə döyüblər. Bütün bunlar digər əsgərlərin gözü qarşısında törədilsə də, onlardan heç biri qorxudan etiraz etməyib.
Bir neçə gün sonra bu səhnə yenidən təkrarlanıb. R.Şahbazovla N.Axundovu boyunlarından kəndirlə üzərinə televizor qoyulmuş masanın ayaqlarına bağlayıb onlardan tağım komandiri Xəqani Cavadov otağına girdikdə birincinin, çıxdıqda isə ikincinin hürməsini tələb ediblər. Buna nail olmaqla onlara işgəncə verilib.
Samir Tağıyev Elçin Məmmədovla birlikdə istifadə etdikləri 050 477-24-49 nömrəli «SİEMENS» markalı mobil telefona 2 və 5 manat dəyərində kontur yükləmələri barədə tabeliklərində olan əsgərlər Nurlan Novruzova, Rəsul Məmmədova, Novruz Axundova, Rəşad Şahbazova müntəzəm tapşırıqlar veriblər. Tapşırığı yerinə yetirməyənləri isə it kimi hürdürməklə yanaşi, dəhşətli işgəncələrə də məruz qoyublar.
«Biz qızlarla danışmamışıq, bizə kontur yüklətdirin»

Qarlı bir gündə R.Şahbazovla N.Axındovu sığınacaqdan lüt bayıra cıxaran «qəhrəman»lar əsgərləri bir-birinin bədənini qarla yumağa məcbur ediblər. Onları sığınacağa qaytardıqdan sonra «bu gün biz qızlarla danışmamışıq, bizə kontur yüklətdirin» deyiblər. R.Şahbazovla N.Axundov imtina etdikdə əsgər R.Şahbazova altı ədəd zirehli gödəkcə və dəbilqə geyindirərək onun müşahidə mövqeyinə çıxmasını əmr edib, sonuncu ağırlığa dözə bilməyib yıxıldığı üçün onu lüt soyundurub sığınacağa aparıb dəmir xəttkeşlə kürəyinə vurublar. İşgəncələrə dözməyən əsgər valideyninə zəng edərək kiçik çavuşların telefonuna kontur yüklədib. Samir Tağıyev əsgər R.Şahbazov telefonuna kontur yüklətdirəndən sonra onun əvvəlcə etiraz etməsini xatırladaraq paltarlarını lüt soyundurub. Metaldan olan xətkeşi sobada qızdıraraq onun bədəninə basmaqla bir daha etiraz etməməsini tələb edib.
«Tufan», «Best Tufan» ləqəbli casuslar əsgəri necə azdırıblar?

Bütün bu işgəncələr barəsində əsgərlərdən biri taqım komandiri Xəqani Cavadova məlumat versə də, sonuncu bu məlumatları qulaqardına vurub. İstintaq zamanı leytenantın əsgərlərlə çavuşların amansız rəftarına göz yummasının səbəbləri də üzə çıxıb. Məlum olub ki, hələ 2007-ci ilin sonlarında kiçik çavuş Elçin Məmmədovla əlbir olmaqla Xəqanı Cavadov ermənilərlə işbirliyinə razılıq verib. Erməni hərbiçilər X.Cavadova «Tufan», E.Məmmədova isə «Best Tufan» ləqəbi verməklə onları casusluğa cəlb ediblər. 2007-ci ilin dekabr ayının əvvəllərində kiçik çavuşla leytenant əsgər Nurlan Novruzova «koma»ların yanına getməsini əmr edib yolda onu azdıraraq düşmən postuna aparıblar.
«Andrey» ləqəbli erməni əsgəri zorlayaraq kameraya çəkib

Ermənilərin «Andrey» adlı hərbçisi Nurlanı videokameraya çəkməklə zorladıqdan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib. Nurlandan xidmət etdiyi posta kimin və hansı səbəbdən gəlməsi, gəlmiş şəxsin hansı vəzifədə işləməsi, Şəmkir və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdəki əsgərlərin sayı barədə məlumat toplayıb onlara ötürmələrinə dair tapşırıqlar verilib.
(Davamı olacaq)
# 994

Oxşar yazılar