Məhkəmə Rəqsanənin evini qaytarmadı
08 iyun 2009 16:00 (UTC +04:00)

Məhkəmə Rəqsanənin evini qaytarmadı

Müğənnin apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apelyasiya Məhkəməsində müğənni Rəqsanə İsmayılovanın apelyasiya şikayətinə baxılıb.


Lent.az-ın məlumatına görə, hakim Hilal Xəlilov müğənninin “faizlərin yenidən hesablanması, icra hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin qiymətləndirilməsinin nəticələrinə dair hesabatın ləğv edilməsi və mənzilin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi tələbinə dair” şikayətini təmin etməyib. Hakim Nəsimi rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, Rəqsanə "Azər-Türk Bank" ASC-dən kredit yolu ilə 39375 manat kredit götürüb. Sonradan bank müğənninin borcu ödəmədiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Rəqsanənin 39375 manat əsas borc və 2214 manat faiz borcu (ümumilikdə 41589 manat) olaraq ödəməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə instansiyaları – Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə - Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Lakin "Azər-Türk Bank" ASC növbəti dəfə R.İsmayılovanın qeydiyyatda olduğu ünvan üzrə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bankın mənzilin qiymətləndirilməsi, mənzilin hərraca çıxarılması və s. məsələlərə dair tələbləri üzrə iddiasını təmin edib.

Qeyd edək ki, hələlik məhkəmə qərarı icra edilməyib, yəni müğənni məcburi qaydada evindən çıxarılmayıb.


Müğənninin “Range Rover” markalı maşını da əlindən alınmışdı.

Pərvin ABBASOV
# 758

Oxşar yazılar