Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin keçmiş rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, ekspert qismində dəvət olunan Toğrul Cəfərli iş materiallarında olan sənədlərə əsaslandığını bildirib:
"Aktlar, kasa hesabatları və.s. iş həcmi çox olduğundan o sənədi götürərək, işi tez icra elədim. Mən ancaq riyazi hesablamaları aparmışam. Rəyimdə də sənədlərin düzgünlüyünə yalnız məhkəmənin qitmət verə biləcəyini yazmışdım".
Təqsirləndirilənlərdən Vəli Rəhimov cinayət işində olan hesabatlarda iki nəfərin adının olduğunu deyib:
"Hesabatda iki nəfərin adı olub: Əhmədova Gövhər,Novruzova Fəridə.Müstəntiq işi araşdıranda Gövhər xanımın götürüb mühasibat mühasibat uçotu proqramında hansı ki, mənim adıma yazılmayan vəsaitləri yazıb mənim adıma. Ay yarım, iki aydan sonra alternativlərə yoxlama gəldi. Mən buna görə işimə ayrı baxılmasını istəyirəm".
Məhkəmə növbəti prosesi 10-u saat 09:30-a təyin edilib.
Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.
Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dəymiş ziyan 700 min manatdır.
Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.
Fərqanə Novruzova