Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni  AXTARIŞDADIR
24 yanvar 2022 18:55 (UTC +04:00)

Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni AXTARIŞDADIR

2021-ci ildə hərbi prokurorluq orqanlarında 1846 cinayət hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev ötən ilin yekunları ilə bağlı geniş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub: “Hərbi prokurorluq orqanları korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərib”.

Qeyd edilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvlərinin azərbaycanlılara qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə bu günə kimi 297 şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarışları elan edilib.

K. Əliyev onu da bildirib ki, hazırda Azərbaycanın ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələrinin törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilir.

# 966
avatar

Oxşar yazılar