Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat ciddi narahatlıq doğurur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinnin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir. Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir:
"Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.
Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.
Bir daha vurğulamaq istəyirəm ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda,dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir.
***
11:00
Lənkəranda azyaşlı uşaq atalığı tərəfindən döyülüb.
Lent.az-ın verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində qeydə alınıb.
3 yaşlı Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Valideynlər, ilkin məlumatda uşaqlarının digər uşaqlarla oynayərkən xəsarət aldığını iddi ediblər.
Araşdırmalarla məlum olub 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb. Artıq aidiyyəti qurumlar hərəkətə keçib. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.
