Bu tarixədək meteor yağışı olacaq - Bakıdan görünəcək
04 dekabr 2025 22:33 (UTC +04:00)

Bu tarixədək meteor yağışı olacaq - Bakıdan görünəcək

0

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı  bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

Lent.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

Meteor yağışının radiantı (mənbəyi) Əkizlər (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona Geminid adı verilib.

Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının  ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.

Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.

Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir bir fenomendir.  Bu asteroid 1983-cü ildə kəşf edilib.  3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.

Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ - dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.

Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.

Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar