DTX və DSX-dan birgə ƏMƏLİYYAT:  İki İran vətəndaşı tutuldu
06 iyun 2022 17:52 (UTC +04:00)

DTX və DSX-dan birgə ƏMƏLİYYAT: İki İran vətəndaşı tutuldu

Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidməti narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat tədbirləri keçirib.

DTX-bıb mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İran vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan vətəndaşı 35 yaşlı Sabirabad rayon sakini Ataşov Rahim Hacı oğlu külli miqdarda narkotik vasitə olan 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub.

Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran vətəndaşları 56 yaşlı Mehriban Latif Mohsen və 42 yaşlı Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.

Məlum olub ki, Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycanda saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilib. İranda cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rahim Ataşov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir

# 2262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar