Əlilliklə bağlı saxta sənəd verən  həkimlərin MƏHKƏMƏSİ
17 iyul 2026 18:29 (UTC +04:00)

Əlilliklə bağlı saxta sənəd verən həkimlərin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Zaur Hacıyev bu işə əvvəl  sədrlik edən hakimin iş yerini dəyişdirilməsi ilə bağlı işin yeni tərkibin icraatında olduğunu elan edib.

Sonra məhkəmə anket məlumatlarını dəqiqləşdirilib.

Təqsirləndirilən İntiqam Kərimovun vəkili vəsatət verərək, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi növbəti prosesin iyulun 24-ü saat 12:30-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq Həkim Məsləhət komissiyasında müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə TƏBİB-in “e-tabib” elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1) və yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar