Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, 17 il evli olan qadının boşanma prosesi sentyabr ayında başa çatıb. Kirsti Henşou bu hadisəni rəfiqələri ilə birlikdə qeyd etmək və həmin anları kameraya çəkmək qərarına gəlib.
Qadın etiraf edib ki, boşandıqdan sonra özünü mənəvi cəhətdən çox pis hiss edib. Buna görə də keçmiş həyatını geridə qoymaq üçün xüsusi mərasim təşkil etməyi düşünüb. Henşau təxminən 2 min funt sterlinq dəyərində olan gəlinliyini və keçmiş əri ilə birlikdə çəkdirdiyi 15 fotoşəkli yandırmağa qərar verib.
Onun bu fikrini dörd rəfiqəsi də dəstəkləyib. Qara geyimdə məclisə qatılan qadınlar Kirstiyə üzərində “Ölənədək boşanmış” sözləri yazılmış ürək formasında tort təqdim ediblər.
Britaniyalı qadının sözlərinə görə, bu qeyri-adi məclis ona boşanmanın yaratdığı mənəvi sarsıntını geridə qoymağa kömək edib.
“Gəlinliyi yandırmaq lazım idi və biz bunu etdik. Onun necə yandığını izləmək mənə xoş təsir bağışladı. İndi geriyə baxanda anlayıram ki, məni qarşıda çox maraqlı hadisələr gözləyir”, – deyə Henşou bildirib.
O, boşanan digər qadınlara da belə məclislər təşkil etməyi tövsiyə edib.
“Başqalarına da boşanmalarını qeyd etməyi məsləhət görürəm. Bu, insana azadlıq hissi bəxş edir və həyatının bir səhifəsini bağlayaraq yenisinə başlamağa imkan yaradır”, – deyə qadın əlavə edib.