"Həkim çağırsaydılar, nəvəm yetim qalmazdı" - Sürücünü vurub öldürən Mircəlilin MƏHKƏMƏSİ  - VİDEO
02 sentyabr 2026 13:09 (UTC +04:00)

"Həkim çağırsaydılar, nəvəm yetim qalmazdı" - Sürücünü vurub öldürən Mircəlilin MƏHKƏMƏSİ - VİDEO

0

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Y.İ təqsirləndirilən M. Əzizlinin onun dayısıoğlu olduğunu bildirib:

"Hadisəyə səbəb olan mənim maşınımdır. Çox peşmanam, qələt eləmişəm ki, Mircəlilin sürücülük hüququ olmadığı halda ona maşın vermişəm. Ömrümüz boyu bu anadan (zərərçəkənin hüquqi nümayəndəsinə işarə edir) üzr istəsək də, yetməz. Maşını taksi sürərək, çörəkpulu qazana bilsin deyə verirdim Mircəlilə. Hadisə günü - 16 avqust idi. Mircəlil zəng elədi ki, qəza eləyib adam vurmuşam. qəza etmişəm. Mən dərhal xəstəxana getdim".

Zərərçəkənin hüquqi nümayəndəsi şahidin dediklərinə etiraz edərək, onun da hadisə yerində olduğunu deyib:

"Hadisəni bizə gec - 3 saatdan sonra xəbər verdilər. Bunlar mənim oradaca can çəkişən uşağıma həkim çağırmayıblar. Çağırsaydılar, bu gün nəvəm yetim, evim dağılmış qalmazdı".

Məhkəmə iş üzrə iki şahidin məcburi qaydada gətirilməsi ilə bağlı qərar verib və növbəti proses 16 sentyabr saat 12:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il avqustun 16-da Suraxanı rayonu, aeroport şosesində qeydə alınıb. Təbriz Şəfiyev idarə etdiyi avtomobildə texniki nasazlıq yarandığı üçün onu yolun kənarında saxlayıb və problemi aradan qaldırmağa çalışıb. Həmin zolaqla hərəkətdə olan Mircəlil Əzizlinin idarə etdiyi "Toyota" markalı avtomobil onun maşınının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən maşının önündə olan Təbriz ikinci zolağa düşüb və Bəxtiyar Rəhimlinin idarə etdiyi "Mercedes"in alt hissəsində qalaraq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, Mircəlil Əzizli Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar