Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslərdən Elmidar İsmayılzadə müdafiə vəkillərinin suallarını cavablandırıb.
O cavabında 100 faiz balans dövriyyəsinin 40 faizinin uduşa, yerdə qalan faizin öz qazanclarına, işçilərin maaşına və xırda görünməyən xərclərə getdiyini bildirib:
"2023-cü ilin iyun ayından bu işə başlamışam. Mənim qanunsuz heç bir işim olmayıb. Son vaxtlar işlərim çoxaldığından qardaşımı müəyyən işlərim üçün yanıma gətirmişdim. Xaricə köçən pul balansın mayasıdır; pulu "Bitcoin"ə çevirib göndərirdim. Mən özümü ancaq Cinayət Məcəlləsinin 244-cü maddəsində təqsirli bilirəm; o da hamısında yox, müəyyən qismində. Mən bəyəm kiminsə başına silah dayayıb pulunu almışam ki?"
Təqsirləndirilən Eldəniz İsmayılzadə sahibkar olduğunu, 2017-ci ildən 300-400 min gəlirinin olduğunu bildirib:
"Mənim iş üçün kredit götürdüyüm 200 mini, ailəmin pay torpaqlarına kimi gətirib işin içinə tikiblər. İttiham aktında göstərilənlərdə özümü təqsirli bilmirəm. Mənim kazino işinə heç bir aidiyyatım olmayıb".
Təqsirləndirilən Elvin İsmayılzadə sadəcə qardaşı Elmidar İsmayılzadənin göstərişlərini icra etdiyini deyib:
"Paul" adlı şəxslə ancaq Elmidar yazışırdı. 2024-cü ilin fevralından bu işə qoşulmuşam. Mənim bir-iki şəxslə, hansı ki şəxsən tanıyırdım, onlarla müəyyən bağlantım olub. Aparatlarla isə heç bir əlaqəm olmayıb".
Məhkəmə prosesi dekabrın 12-nə təyin edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş Mübarizə İdarəsi paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub. Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10 milyon manatdan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.
Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.
Fərqanə Novruzova