Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza köhnə Ələt–Astara magistralının 205-ci kilometrliyində, rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-21099” markalı avtomobil “Mercedes-Vito” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Mercedes-Vito” idarəetməni itirərək yol kənarında hərəkətsiz dayanan özəl klinikaya məxsus təcili tibbi yardım avtomobilinə çırpılıb.
Hadisə nəticəsində Gərmətük qəsəbə sakinləri – 1995-ci il təvəllüdlü Ruslan Möhübbət oğlu Məmmədzadə (sağ döş qəfəsinin küt travması) və 1997-ci il təvəllüdlü Elşən Fail oğlu İbadzadə (sol bazu nahiyəsinin küt travması, alın nahiyəsində sıyrılmış yara) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar. Onlara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.