Rəşad Şükürov
18 aprel 2022 17:53 (UTC +04:00)

Rəşad Şükürov

Məmurları işdən çıxarmaqla hədələyib rüşvət istəyirdi, həbs olundu - YENİLƏNİB

Prokurorluq Göyçay rayon İcra Hakmiyyətinin şəhər icra nümayəndəsinin saxlanılması barədə məlumat yayıb. 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Göyçay rayonu ərazisində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub. Daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır. 

Aparılmış istintaq tədbirləri ilə müəyyənləşib ki, hazırda Göyçay şəhərinin icra nümayəndəsi işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub. Məlum olub ki, o, səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxslərdən rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq davam edir.

***
Saat: 11:02

Göyçayda vəzifəli şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin Göyçay şəhəri üzrə icra nümayəndəsi Rəşad Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktı Baş Prokurorluğun mətbuat xidməti Lent.az-a təsdiqləyib.

# 4950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar