80 yaşlı aktyordan ETİRAF:  "Əsl sevgini yalnız 70 yaşımda başa düşdüm"
30 sentyabr 2026 09:57 (UTC +04:00)

80 yaşlı aktyordan ETİRAF: "Əsl sevgini yalnız 70 yaşımda başa düşdüm"

0

Hollivudun məşhur aktyoru Silvestr Stallone 80 yaşında şəxsi həyatı, ailəsi, peşmanlıqları və qocalmaq qorxusu barədə səmimi etiraflar edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Rokki” filminin ulduzu xatirələrindən danışarkən həyatına nəzər salıb.

Aktyor əsl sevginin nə olduğunu yalnız 70 yaşında başa düşdüyünü etiraf edib.

“Əsl sevginin nə olduğunu, başqa insan üçün özünü tamamilə fəda edə biləcəyin hissi çox gec anladım”, - Silvestr Stallone bildirib.

Onun sözlərinə görə, bu, həyatının ən böyük peşmanlıqlarından biridir. Aktyor gənclik illərində bütün diqqətini karyerasına və böyüdüyü kasıb məhəllədən çıxaraq uğur qazanmağa yönəltdiyini deyib.

“Mənim üçün böyüdüyüm məhəllədən çıxıb uğursuz birinə çevrilməmək həddindən artıq vacib idi”, - aktyor söyləyib.

80 yaşlı aktyor keçmişinə baxarkən çoxlu peşmanlıqlarının olduğunu gizlətməyib.

“Peşmanlıqlardan ibarət minlərlə daşla bir qala tikmişəm”, - Stallone həyatını belə təsvir edib.

Aktyor indi keçmişdə yol verdiyi səhvləri qismən də olsa düzəltməyə çalışdığını, ona həqiqətən ehtiyacı olan insanlara və övladlarına daha çox vaxt ayırmaq istədiyini bildirib.

Silvestr Stallone yaşının artmasının onda narahatlıq yaratdığını da etiraf edib. Onun sözlərinə görə, 80 yaşına çatdıqdan sonra zamanın keçdiyini daha kəskin hiss etməyə başlayıb. Bununla belə, aktyor insanın heç vaxt sevgidən və gözəl xatirələrdən imtina etməməli olduğunu düşünür.

“Heç vaxt aşiq olmaq üçün gec deyil. Gözəl xatirələrlə rəqs etmək üçün də gec deyil. Ən qorxulusu tənhalıq bataqlığına düşməkdir”, - Stallone bildirib.

Aktyor ata kimi keçmişdə yol verdiyi səhvlərdən də danışıb. O, karyerasının bir çox hallarda ailəsindən daha önəmli olduğunu etiraf edib.

“Mən həqiqətən yaxşı valideyn olmamışam. Həyat yoldaşım Cennifer dünyanın ən möhtəşəm qadınıdır. O, inanılmaz dərəcədə fədakardır”, - Silvestr Stallone deyib.

Aktyor ilk həyat yoldaşı Saşa Zakla evliliyini də xatırlayıb. Onlar 1974-1985-ci illərdə ailəli olublar. Bu nikahdan Seyc və Sercio adlı iki oğlu dünyaya gəlib. Seyc Stallone 2012-ci ildə 36 yaşında ürək xəstəliyi səbəbindən vəfat edib. Silvestr Stallone oğlunun ölümünün həyatının ən ağır sınaqlarından biri olduğunu bildirib.

“Bunun öhdəsindən gəlmək olmur. Bu ağrıdan xilas ola bilmirsən”, - aktyor deyib.

Qeyd edək ki, Silvestr Stallone 1997-ci ildən Cennifer Flavinlə evlidir. Cütlüyün Sofiya, Sistin və Skarlet adlı üç qızı var. 2022-ci ildə onların münasibətlərində qısa müddətli böhran yaşansa da, daha sonra barışıblar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar