Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanova 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
M.İsmayılovun bacısı Səbinə İsmayılova vəfat etdiyi üçün ona cəza təyin edilməyib.
Şərti cəza verilənlərin dəyən ziyanı ödədikləri bildirilib. Bundan başqa, hökmə əsasən, M. İsmayılovun bağ evi müsadirə olunacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.