Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunan Qədim Ədilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses məhkəmə tərkibinin, eləcə də təqsirləndirilən şəxsin zərərçəkənlərə sualları ilə davam edib.
Daha sonra növbəti prosesin 2 iyul 14:30-da davam edəcəyi elan olunub.
Xatırladaq ki, ittiham aktına görə, Qədim Ədilov 14 Azərbaycan vətəndaşına qarşı 2 milyon manata yaxın dələduzluq edib. O, müxtəlif şəxsləri inandıraraq onlardan külli miqdarda vəsait alıb, lakin öhdəliklərini yerinə yetirməyib.
2021-ci ildə 17 vətəndaş Qədim Ədilovdan Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.
Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Onun etibarından sui-istifadə edərək Qədim Ədilov sonuncuya məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapacağına və satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına dövr etdirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.
Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.
2022-ci ildə isə Qədim Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.
Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Belə ki, həmin ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbs olunub.
26 fevral 2024-cü ildə həbs olunan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib və onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib.