Yaponiya Marsın peyklərindən biri olan Fobosdan torpaq nümunələri götürərək Yerə gətirməyi nəzərdə tutan kosmik missiyanı həyata keçirməyə hazırlaşır.
Lent.az xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) rəhbərlik etdiyi MMX missiyasının 20 oktyabr 2026-cı ildə H3 raketi ilə kosmosa buraxılması planlaşdırılır.
Təxminən beş il davam edəcək missiyanın əsas məqsədi Fobosun necə yarandığını və onun Marsla əlaqəli mənşəyini aydınlaşdırmaqdır. Alimlər Marsın peyklərinin qədim asteroidlər ola biləcəyini və ya Marsla başqa bir göy cisminin toqquşması nəticəsində əmələ gəldiyini ehtimal edirlər. Gətiriləcək nümunələr bu fərziyyələri yoxlamağa kömək edə bilər.
Kosmik aparatın 2027-ci ilin avqustunda Marsın ətrafına çatması, daha sonra Fobosu araşdırması və onun səthinə Fransa-Almaniya istehsalı olan “Idefix” roverini endirməsi nəzərdə tutulur. Missiya çərçivəsində peykin səthindən ən azı 10 qram materialın iki fərqli üsulla götürülməsi planlaşdırılır.
Nümunələrin Yerə 2031-ci ildə qaytarılması gözlənilir. Missiya zamanı Marsın digər peyki Deymos da müşahidə ediləcək. Əldə olunan məlumatlar yalnız peyklərin mənşəyini deyil, həm də Mars sisteminin təkamülünü və gələcək insanlı kosmik missiyalar üçün mümkün imkanları araşdırmağa kömək edə bilər.