Şəhidlər xiyabanındakı nalayiq hərəkətlərə görə  ərəblərə ağır cəza  istənildi
04 dekabr 2025 18:35 (UTC +04:00)

Şəhidlər xiyabanındakı nalayiq hərəkətlərə görə ərəblərə ağır cəza istənildi

0

Bu gün Səbail rayon Məhkəməsində Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanının 3 vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Zərərçəkənin hüquqi varisi  Ruhan Hüseynov təqsirləndirilənlərin ən ağır cəzaya məhkum olunmalarını istəyib.

Şahid Kəmalə Sadıqova həmin gün işdə olduğunu bildirib:

"Mən xiyabanın təmizlik işçisiyəm. Gördüm ki, bir neçə dillərini anlamadığım xarici vətəndaş qəbirlərin üstündə atılıb-düşür, gülürlər. Onlara belə hərəkət etməmələrini deyirdim, amma əhəmiyyət vermirdilər”.

Şahid Sevil Əliyeva Şəhidlər xiyabanını süpürdükləri vaxt gülüş səsləri eşitdiklərini deyib:

"Yaxınlaşıb gördüm ki, xaricilərdir. Dillərini bilmədiyimdən uzaqlaşdım. İstintaqda verdiyim ifadəni təsdiqləyirəm".

Şahid Bəsti Ağayeva da həmin gün xiyabanı süpürdüyünü deyib:

"Süpürə-süpürə gəlirdim, iki oğlanın qəbirin üstündə deyib-güldüyünü gördüm. Xarici olduqlarını gördüm, onlara iradımı bildirdim. Biri şəhid qəbirlərinin üstündəki gülləri götürüb meymun kimi oyunlar çıxarırdı. Ərəblərin hamısı bir-birinə oxşayır, dəqiq bilmədim ki, bunlardan hansı idi o hərəkəti edən".

Şahid Tamam Heydərova hadisənin axşam saatlarında olduğunu bildirib:

"Xiyabanı, qəbirlərin ətrafını süpürürdüm. Gülüş səsləri eşidib yaxınlaşdım, gördüm ərəblərdir. İkisi oynayırdı, biri də onları çəkirdi".

Daha sonra şahidlər dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.

Məhkəmə qalan digər iki şahidin ifadələrinin dinlənilməsi üçün prosesi dekabrın 9-u, saat 16:00-a təyin edib.

Xatırladaq  ki, 2025-ci il avqustun 17-də 3 nəfər əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar