Sələmçi qayınanasını 23 bıçaqla öldürən kürəkən HAKİM QARŞISINDA
02 fevral 2026 13:24 (UTC +04:00)

Sələmçi qayınanasını 23 bıçaqla öldürən kürəkən HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sələmçini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə iclası kecirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.V  ifadəsində nənəsi Təravət Cəfərxanovanın ona həmişə  dəstək olduğunu, lakin ayrı  yaşadıqlarını bildirib:

"Nənəm sələmə pul verməklə məşğul idi. Ata ondan 1000 dollar istəmişdi. Mənə dedi ki, sən xahiş elə, səni rədd etməz. Əgər pul işi alınsa, mənə maşın alacağını deyirdi. Nənəm pulu verdi. Atam pulu gecikdirirdi. Bir gün mənə dedi ki,  özünə kişi toyu keçirəcək. Bunu nənəmin pulunu qaytarsın deyə, pul yığmaq üçün edirdi. Nənə axşam mənə yazdı ki, ataya deyim ki, pulu gətirməsə, vəkillə polisə gedib şikayət edəcək. Nənəmin sözünü  atama dedim. Ayın 5-i günü axşam yatmışdım. Telefonum internetdə olmayıb, səssizdə olduğundan zəng gəlib eşitməmişəm. Sonradan bildim ki, nənəm o halda mənə zəng edibmiş. Dayım oğlu zəng etdi ki, nənənin vəziyyəti  pisdir. "Semaşko"ya çatanda dayımoğlu dedi ki, sənin  atan nənəni bıçaqlayıb".

Şahid R.Q təqsirləndirilən Elçin Vəliyevlə vətəndaş nikahında yaşadıqlarını, A adında bir qızlarının da olduğunu deyib:

"Anam ölməmişdən bir həftə qabaq dedi ki, Elçinə pul vermişəm. Mənə dedi ki, Elçin səndən it kimi qorxur, istəsən verəcək. Mən anama əsəbiləşdim ki,  pulu verəndə mənə demişdin ki, indi mən ondan pulu alım? Həmin gün anam görüntülü zəng elədi ki, Elçin məni bıçaqladı. Necə qışqırıb tez qaçdım anamın yanına, yolu necə getdim bilmirəm. Amma çatdırmadım,  anamı artıq xəstəxanaya aparmışdılar. Deyir, guya anam onu erməni adlandırdığına görə öldürüb. 70 yaşlı qadına bıçaq vurub öldürən ermənidən betər deyil, ya nədir? Həmin günü Elçin anamdan 10 000 manat pul istəyibmiş. Anam da deyib ki, yoxumdur pul, sən ermənisən, başa düşmürsən?"

Növbəti proses 16 fevral 15:45-ə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.

Faktla baglı cinayət məcəlləsinin 120.2.4 maddəsi ilə cinayət işi başladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar