Ağgöl Milli Parkının ərazisində ov etmək istəyən Suriya vətəndaşı İmad Alabarsan Hayıl və Azərbaycan vətəndaşı Ramil Ağayev Milli Parkın mühafizə işçiləri tərəfindən saxlanılıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qanun pozucularının Az 10-PE-901 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilinə keçirilən baxış zamanı oradan 1 ədəd binokl, quş saxlamaq üçün səbət və ov vasitələri müəyyən olunaraq götürülüb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduqlarına görə qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2600 manat məbləğində cərimə edilib.