Yas yerlərində kütləvi zəhərlənmələrin SƏBƏBİ
16 iyul 2026 11:55 (UTC +04:00)

Yas yerlərində kütləvi zəhərlənmələrin SƏBƏBİ

0

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. 

AQTA-dan Lent.az-a bildirilib ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb.

İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək. 

AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar