Dünyada insan həyatı üçün ən təhlükəli canlı nə şir, nə pələng, nə də köpəkbalığıdır. Alimlərin məlumatına görə, bu göstəricidə ilk yeri ağcaqanadlar tutur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ağcaqanadların yaydığı xəstəliklər hər il dünyada 700 mindən çox insanın ölümünə səbəb olur.
Cəmi bir neçə həftə yaşayan bu kiçik həşəratlar malyariya, denge qızdırması, Qərbi Nil virusu, sarı qızdırma və Yapon ensefaliti kimi təhlükəli infeksiyaları daşıya bilir.
Ağcaqanadların yaydığı ən ölümcül xəstəlik malyariyadır. Bu parazitar infeksiya səbəbindən hər il 600 mindən çox insan həyatını itirir. Ölüm hallarının böyük hissəsi Afrikanın Sahara səhrasından cənubda yerləşən ölkələrində, xüsusilə uşaqlar arasında qeydə alınır.
ABŞ-da malyariya ötən əsrin 50-ci illərinin əvvəllərində aradan qaldırılsa da, ölkədə hər il əsasən xarici səfərlərlə əlaqəli təxminən 2 min yoluxma qeydə alınır. 2023-cü ildə isə Florida, Texas, Merilend və Arkanzas ştatlarında yerli yoluxma halları da aşkarlanıb.
Ağcaqanadların yaydığı digər təhlükəli xəstəlik denge qızdırmasıdır. Xəstəlik yüksək hərarət, baş və oynaq ağrıları ilə müşayiət olunur. Ağır hallarda daxili qanaxma, orqanların zədələnməsi və qan təzyiqinin kəskin enməsi baş verə bilər.
Hesablamalara görə, dünyada hər il təxminən 400 milyon insan denge virusuna yoluxur. Onların təxminən 100 milyonunda xəstəliyin əlamətləri üzə çıxır, minlərlə insan isə həyatını itirir.
Son illərdə Qərbi Nil virusunun yayılması da ciddi narahatlıq doğurur. Virus bəzi insanlarda heç bir simptom yaratmasa da, ağır hallarda sinir sistemini zədələyərək həyati təhlükəli fəsadlara səbəb ola bilər.
Sarı qızdırma da ağcaqanadlar vasitəsilə yayılan ölümcül infeksiyalar sırasındadır. Xəstəlik əsasən Afrika və Cənubi Amerikanın bəzi bölgələrində yayılıb. Ağır hallarda yüksək hərarət, sarılıq, qanaxma və orqan çatışmazlığı yarana bilər. Riskli ölkələrə səfər edən şəxslərə əvvəlcədən peyvənd olunmaq tövsiyə edilir.
Daha bir təhlükəli xəstəlik Yapon ensefalitidir. Bu infeksiya Asiyanın bir çox bölgəsində virus mənşəli beyin iltihabının əsas səbəblərindən hesab olunur. Xəstəlik ağır mərhələyə keçərsə, ölüm göstəricisi 30 faizə çata bilər. Sağ qalanların bir hissəsində isə uzunmüddətli nevroloji və koqnitiv problemlər qala bilər.
Mütəxəssislər bildirirlər ki, dünyada 3700-dən çox ağcaqanad növü mövcuddur və onların yalnız kiçik bir hissəsi insan üçün təhlükəli xəstəliklərin daşıyıcısıdır. Buna baxmayaraq, yoluxdurucu növlərin yaydığı infeksiyalar ağcaqanadları dünyada insan üçün ən ölümcül canlılardan birinə çevirir.