Ser Aleks Ferqyusonun keçmişdə "Mançester Yunayted"dəki uğurları qismən şotlandiyalının komandasında kimə ehtiyac duyduğunu dərindən anlamasından irəli gəlirdi.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, tez-tez sonradan ulduz olan oyunçularla müqavilə bağlayırdı. Amma bəzən gözləntiləri doğrultmayanlar da olurdu.
Buna bariz nümunə Erik Cemba-Cembadır. O, Afrika Millətlər Kubokunda Kamerun millisində uğurlu oynadıqdan sonra 2003-cü ildə "Nant"dan transfer olunub. Ferqyuson bir neçə ay kamerunlu oyunçunu izləyib və onun "Mançester Yunayted"in uğuruna töhfə verəcəyinə əmin olduğunu bildirib.
Ferqyuson o zaman demişdi: "O, son bir neçə ayda Kamerun komandasında çox yaxşı oynamaqla inkişaf edib və hər cəhətdən "Mançester Yunayted" oyunçusudur".
Təəssüf ki, yarımmüdafiəçi "Mançester Yunayted"də heç bir əhəmiyyətli uğur qazana bilməyib və əsas komandada özünü təsdiqləyə bilmədiyi üçün 2005-ci ilin yanvarında cəmi 1,5 milyon funt sterlinqə "Aston Villa"ya satılıb.
Şotlandiyalı mütəxəssis özünün "Aleks Ferqyuson: Mənim tərcümeyi-halım" adlı tərcümeyi-halında dörd transfer səhvini qeyd edib: Erik Cemba-Cemba, Kiran Riçardson, Uilyam Pryune və Ralf Miln.
O, sonuncunu xüsusi olaraq qeyd edib: "Ən pis transferim? Ralf Miln. Cəmi 170.000 funt sterlinq ödədim, amma yenə də buna görə tənqid olunuram".
Miln 1988-ci ildə üçüncü divizion klubu “Bristol”dan 170.000 funt sterlinqə “Mançester Yunayted”ə keçdi. O, əvvəllər Cim Maklinin "Dandi Yunayted" komandasında aparıcı oyunçu olub və hətta klubun “Şöhrət zalına” da daxil edilib. Lakin cinah hücumçusu Mançesterdə buna nail ola bilməyib.
O, komandaya sadiq qalmadığı üçün uzaqlaşdırılıb və ehtiyat oyunçuların sırasına keçib. Miln "Mançester Yunayted"də son oyununu 28 yaşında keçirib. Ralf Miln 2015-ci ildə 54 yaşında vəfat edib.