FİFA-nın keçmiş prezidenti Zepp Blatter bu il ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını boykot edən azarkeşləri dəstəklədiyini bildirib.
Lent.az “The Guardian”a istinadla bildirir ki, Zepp Blatter FİFA-da prezident olduğu dövrdə mümkün islahatlar üzərində qurumla birgə çalışan, korrupsiyaya qarşı mübarizə aparan isveçrəli hüquqşünas Mark Pitin fikirlərini dəstəkləyib. Mark Pit azarkeşlərin turnir zamanı ABŞ-dan uzaq durmalı olduqlarını bildirib.
“Məncə, Mark Pit bu dünya çempionatının keçirilməsini sual altına almaqda haqlıdır”, – Blatter sosial şəbəkələrdə bildirib.
Mark Pit bu ayın əvvəlində Minneapolisdə etiraz aksiyası zamanı 37 yaşlı qadın Rene Qudun ABŞ immiqrasiya agenti tərəfindən öldürülməsini azarkeşlərin ABŞ-a getmək istəməməsinin səbəblərindən biri kimi göstərib. Blatter, ötən həftəsonu federal agentlərin əli ilə ikinci ABŞ vətəndaşı Aleks Prettinin öldürülməsindən sonra Pitin bu fikirlərini dəstəkləyib.
“Ölkə daxilində müşahidə etdiyimiz proseslər: siyasi opponenlərin marginallaşdırılması, immiqrasiya xidmətləri tərəfindən sui-istifadələr və s. azarkeşləri ora getməyə həvəsləndirmir. Azarkeşlərə yalnız bir məsləhət vermək istəyirəm: Birləşmiş Ştatlardan uzaq durun! Televizordan baxanda hər halda daha yaxşı görəcəksiniz. Ora çatdıqdan sonra fanatlar bilməlidirlər ki, əgər hakimiyyət orqanları ilə düzgün davranmasalar, dərhal geri göndəriləcəklər. Əgər şansları gətirsə…”, – Pit ötən həftə müsahibəsində bildirib.
Zepp Blatter 2015-ci ildə bir neçə qalmaqal fonunda FİFA prezidentliyindən istefa verib və onu Donald Trampla yaxın əlaqələr qurmuş Canni İnfantino əvəz edib.
Futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
