"Əl-Hilal" "Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardo Silvaya təklif göndərib.
Lent.az bildirir ki, bu barədə “Footmercato” məlumat yayıb. Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu bir neçə aydır ki, portuqaliyalı futbolçunu izləyir.
Komandanın baş məşqçisi Xosep Qvardiolanın heyəti yeniləmək istədiyi üçün “şəhərlilər”ın 30 yaşlı yarımmüdafiəçini buraxa biləcəyi vurğulanır.
Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bernardonun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.