DSMF-un gəlirləri 19 faiz artıb
03 avqust 2009 12:30 (UTC +04:00)

DSMF-un gəlirləri 19 faiz artıb

Bu ilin 6 ayında fondun gəlirləri 759 milyon, xərcləri isə 827 milyon manat olub

Dövlət Sosial Müdafiə Fondunda 2009-cu ilin I yarımilliyin yekunlarına dair kollegiya iclası keçirilib. Fondun aparat işçilərinin, şöbə müdirlərinin iştirak etdiyi iclasda qarşıda duran vəzifələr də müzakirə olunub.

Lent.az-ın məlumatına görə iclasda çıxış edən fond sədri Səlim Müslümov bazar iqtisadiyyatı mühitində sosial müdafiənin yeni bir modelini formalaşdırıldığını deyib. Onun sözlərinə görə, 2009-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrası ilə yanaşı sığorta-pensiya sistemində islahatların davam etdirilməsi diqqət mərkəzində saxlanıb.

Səlim Müslümov ilkin məlumatlara əsaslanaraq deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ilin yanvar-iyun aylarında gəlirləri 759 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çox) olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə ötən ilin ilin müvafiq dövründəkindən 25,3 faiz artıb. Hazırda bu göstərici 490 milyon manatdır ki, bunun da 56,4 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıb. Daxilolmaların səviyyəsi və ilin əvvəlinə Fondun xəzinə hesabında qalıq məbləği pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

Ötən 6 ayda fondun xərclərinə gəlincə, bu, 827 milyon manat, ötən ilin ilin müvafiq dövrünə nisbətən 206 milyon manat və ya 33,2 faiz çox olub. Bu vəsaitin 97 faizi və ya 801 milyon manatı əhaliyə ödənişlərə yönəldilib ki, bu da 2008-ci ilin 6 ayına nisbətən 33 faiz və ya 199 milyon manat çoxdur.

Daha sonra iclasda fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirlərinin hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışları dinlənilib. Kollegiya iclasında həmçinin fondun yerli orqanlarının 2009-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil olunub. Fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib.

Elxan SALAHOV
# 1206

Oxşar yazılar