Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Lerikdə tədbir keçirilib.
Lent.az xəbər verir ki, Lerik rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə açılış nitqi ilə çıxış edən Lerik rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan Hüquqları Aylığı” ilə əlaqədar geniş məlumat təqdim edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb.
Daha sonra SHXÇDX-nın Lerik rayon şöbəsinin rəisi polkovnik Fərman Məmmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.
Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.