Partlayış olan klub
06 aprel 2022 17:29 (UTC +04:00)

Partlayış olan klub

Klubdakı partlayışa görə kompensasiya veriləcək? - Ekspert AÇIQLADI

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl paytaxtın Səbail rayonunda fəaliyyət göstərən “Location” gecə klubunda partlayış baş verdi.

Nəticədə 1 nəfər dünyasını dəyişdi, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Hadisədən sonra müzakirə olunan məsələlərdən biri də, zərərçəkənlərə kompensasiya ödənişinin edilməsi ilə bağlıdır.

Bəs görək, bədbəxt hadisə ilə əlaqədar zərərçəkənlərə sığorta ödənişi edilə bilərmi?

Sualımıza sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov aydınlıq gətirib. O bildirib ki, hadisə ilə bağlı bir neçə istiqamətdə ödəniş edilə bilər:

“Klubda baş verən partlayışla bağlı sığorta kompensasiyası verilə bilər. Deyilənə görə, həmin klubda daşınmaz əmlakın icbari sığortası var. Burada bir neçə istiqamət üzrə sığorta kompensasiyası verilməlidir. Bunlar da biri daşınmaz əmlakın istismarı ilə bağlı icbari olan mülki məsuliyyət sığortasıdır. Bu sığorta əsasında orada avtomobil və insanlara dəyən ziyan, ölümlə bağlı ödəniş olunur. Həmçinin partlayış nəticəsində binaya da ziyan dəyibsə, eyni sığorta növü ilə kompensasiya verilir. Bundan əlavə, orada bildiyimiz kimi, ölən də olub. Ölümlə əlaqədar isə peşə xəstəlikləri və bədbəxt hadisələrlə bağlı icbari sığorta var. Belə ki, iş zamanı ölüm yaxud xəsarət varsa, həmin şəxsə kompensasiya ödənilir.

Ancaq bütün bu kompensasiyalar araşdırmalardan sonra təyin ediləcək. Araşdırmanın nəticəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi arayış verəcək. Sığorta şirkətləri həmin arayışa çox diqqət edirlər. Həmin sənədlər əsasında sığorta ödənişinin edilib-edilməyəcəyi müəyyən olunur”.

Qeyd edək ki, aprelin 3-ü saat 3 radələrində paytaxtın Səbail rayonunda yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə klubun xadiməsi 43 yaşlı Maya Axundova həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

# 4401
avatar

Mehman Nəbiyev

Oxşar yazılar