Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb.
Həmin gün 15 yaşlı Rafet Dinçin meyiti yol kənarında güllələnmiş vəziyyətdə tapılıb. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində uşağın anası Sevinç Dinç və atası Mehmet Dinç saxlanılıblar. Onlar 2025-ci il yanvarın 3-də həbs ediliblər.
Adana 5-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 66 yaşlı Mehmet Dinç və onun 44 yaşlı həyat yoldaşı Sevinç Dinç, həmçinin vəkilləri iştirak ediblər.
Prokuror məhkəmədə bildirib ki, valideynlər naməlum səbəbdən oğullarına qarşı düşmən münasibət bəsləyiblər.
İttiham tərəfinin versiyasına görə, ər-arvad əvvəlcədən razılaşaraq uşağın yuxuya getməsini gözləyiblər. Rafet yatdıqdan sonra atası qanunsuz əldə etdiyi tapança ilə onu güllələyərək öldürüb.
Bundan sonra valideynlər oğullarının meyitini avtomobilə qoyaraq sitrus bağı yaxınlığındakı yol kənarına aparıblar.
Prokuror hər iki təqsirləndirilən şəxsə ağırlaşdırılmış ömürlük həbs cəzası, ataya isə qanunsuz silah saxlamağa görə əlavə 1 ildən 3 ilədək həbs cəzası verilməsini istəyib.
Məhkəmədə ifadə verən Mehmet Dinç oğlunun ona və həyat yoldaşına qarşı dəfələrlə zorakılıq etdiyini iddia edib:
"Oğlum məni daim döyürdü, anasına da hücum edirdi. Hadisə günü işdən evə gələndə yenə üstümə hücum çəkdi. Məni ağır söyüşlərlə söyüb, evdən çıxmağımı tələb etdi. Buna çox əsəbiləşdim və onu vurdum. Digər uşaqlarıma verdiyim cib xərcliyini də zorla əllərindən alırdı. Onun qarşısını ala bilmirdik. Gecə həyat yoldaşımla birlikdə meyiti avtomobilə qoyub yol kənarına apardıq".
O, məhkəmədən azadlığa buraxılmasını və bəraət verilməsini istəyib.
44 yaşlı Sevinç Dinç isə hadisə baş verən zaman yatdığını deyib:
"Qəbul etdiyim dərmanlara görə çox ağır yatıram. Ərim məni oyadanda əlində tapança var idi. Rafeti öldürdüm dedi. İşıqları yandırmamağımı tapşırdı. Əgər ona kömək etməsəm, məni və digər iki uşağımı da öldürəcəyini söylədi".
Onun sözlərinə görə, əri oğlunun meyitini sürüyərək avtomobilə yerləşdirib:
"Şok içində idim. Tanımadığım yollarla getdik. Sonra Rafetin meyitini yol kənarındakı ağaclıq əraziyə qoyduq. Ərim mənə heç nə soruşmağa imkan vermədi. Digər uşaqlar səsə oyanmadılar. Əvvəlcədən planlaşdırdığımız üçün Yeni ili qeyd etmək məqsədilə bacımın evinə getdik".
Qadın həmçinin Rafetin spirtli içki qəbul etdiyini, bəzən valideynlərinə və bacı-qardaşlarına qarşı zorakılıq göstərdiyini iddia edib.
O da məhkəmədən bəraət istəyib.
Tərəflərin ifadələrini və vəkillərin çıxışlarını dinləyən məhkəmə heyəti hökmünü elan edib.
Mehmet Dinç övladını qəsdən və əvvəlcədən planlaşdıraraq öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Bundan başqa, qanunsuz odlu silah və sursat əldə etmə, daşıma və saxlama ittihamı ilə ona əlavə 1 il 8 ay həbs və 8300 Türkiyə lirəsi məbləğində cərimə təyin olunub.
Sevinç Dinç də oğlunun qəsdən öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmə hər iki şəxsin həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.