İspaniyada elə bir şəhərcik var ki, burada qayalar evlərin və küçələrin bir hissəsinə çevrilib. Setenil-de-las-Bodeqas adlı bu yaşayış məntəqəsində bəzi evlər nəhəng qaya çıxıntılarının altında yerləşir. Turistləri heyrətləndirən bu mənzərə yerli sakinlərin gündəlik həyatının ayrılmaz hissəsidir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kadis vilayətində yerləşən şəhərcik Əndəlusun məşhur ağ kəndlər marşrutuna daxildir.
Çayın yaratdığı dərədə salınan evlər
Setenil-de-las-Bodeqasın tarixi mərkəzi Quadalporkun çayının yaratdığı dərənin ətrafında formalaşıb. Küçələr və evlər də ərazinin relyefinə uyğun salınıb.
Yaşayış məntəqəsi böyüdükcə sakinlər evlərin bütün hissələrini sıfırdan tikmək əvəzinə, qaya çıxıntılarının altındakı təbii sığınacaqlardan istifadə ediblər. Beləcə, qayalar bəzi evlərin damını və divarlarının bir hissəsini əvəz edib.
Yerli bələdiyyənin məlumatına görə, bu tikililərin bir qismində vaxtilə aztəminatlı ailələr yaşayıb. Son illərdə həmin məkanlardan bəziləri restoran, mağaza, qaraj və anbara çevrilib. Xaboneriya və Erreriya kimi ərazilərdə isə qayaların altındakı bəzi evlərdə hələ də yaşayış davam edir.
Bir küçə günəşli, digəri kölgəlidir
Şəhərciyin ən məşhur mənzərələrini Kuevas-del-Sol və Kuevas-de-la-Sombra küçələrində görmək mümkündür. Hər iki küçə çay boyunca uzansa da, dərənin fərqli tərəflərində yerləşir.
Kuevas-del-Sol daha çox günəş işığı alır. Kuevas-de-la-Sombra isə qayanın kölgəsində daha uzun müddət qalır.
Erreriya, Xabonerias və Kabrerisas küçələrində də qayalara uyğunlaşdırılmış tikililər xüsusilə diqqət çəkir. Restoran və mağazaların əhəmiyyətli hissəsi məhz bu ərazilərdə yerləşir.
Ərazinin qeyri-adi təbii quruluşu zamanla turistləri cəlb edən əsas xüsusiyyətə çevrilib. Turizm hazırda yerli iqtisadiyyatın mühüm sahələrindən biridir.
Tarixi görünən binalardan daha qədimdir
Setenil-de-las-Bodeqasın tarixi turistlərin bu gün gördüyü tikililərdən xeyli əvvələ gedib çıxır.
Ərazidəki mağaralarda Roma və müsəlman hakimiyyəti dövrlərinə aid tapıntılar aşkarlanıb. Şəhərciyin indiki quruluşunda isə orta əsrlərin izləri qalmaqdadır.
Qayanın altında yaşamaq necədir?
Köhnə məhəllələrin sakinləri üçün qaya sadəcə maraqlı mənzərə deyil. O, həm evlərin, həm də məhəllələrin quruluşunu müəyyənləşdirən əsas elementdir.
Qaya altında yerləşən məkanlar birbaşa günəş şüalarından təbii şəkildə qorunur. Qalın divarlar isə evlərin daxilində temperaturun daha sabit qalmasına kömək edir.
Nəşrin məlumatına görə, bu xüsusiyyətlər həmin evlərdən nəsillər boyu istifadə olunmasının səbəblərindən biridir.