Ukraynanın Lvov vilayətində 70 yaşlı kişi ər-arvadı qəsdən öldürdüyünə görə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, iş materiallarına görə, həmkəndlilər arasında inək borcuna görə münaqişə yaranıb. Cütlüyün mal alarkən təxminən 10 min qrivna (təxminən 404 manat) az verdiyi iddia olunur.
Bundan sonra pensiyaçı həmkəndlilərinin evinə gedərək borcu geri almaq qərarına gəlib. Onların arasında başlayan mübahisə davaya çevrilib.
70 yaşlı şəxs onların həyətində mübahisə yaradıb. Pensiyaçı gödəkçəsinin altından bıçaqları çıxararaq kişiyə altı zərbə endirib və o, aldığı xəsarətlərdən ölüb. Daha sonra o, mərhumun həyat yoldaşına da çoxsaylı ölümcül bıçaq zərbələri endirib.
Bundan sonra o, hadisə yerindən qaçıb. Məhkəmədə 70 yaşlı pensiyaçı özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə onu iki nəfərin qəsdən qətlində (Ukrayna CM-in 115-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi) və soyuq silahın qanunsuz daşınmasında (CM-in 263-cü maddəsinin 2-ci hissəsi) təqsirli bilərək 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.