Rusiyanın Orenburq vilayətində 22 yaşlı ata bir yaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəhşətli hadisə Buzuluk şəhərinin Qay küçəsində yerləşən mənzildə qeydə alınıb.
İstintaqın versiyasına görə, sərxoş vəziyyətdə olan 22 yaşlı kişi azyaşlı oğlunun ağlamasına əsəbiləşərək onu döyməyə başlayıb. O, uşağa azı 30 zərbə endirib, daha sonra isə vannada boğaraq öldürüb.
Cinayətdən sonra ata hadisəni bədbəxt hadisə kimi təqdim etməyə çalışıb.
Araşdırmalar zamanı kişinin əvvəllər də oğluna mütəmadi olaraq zorakılıq tətbiq etdiyi müəyyənləşdirilib. İstintaqın məlumatına görə, o, azyaşlını davamlı şəkildə döyüb və digər zorakı hərəkətlərə məruz qoyub.
Yaşı səbəbindən özünü müdafiə etmək imkanından məhrum olan uşaq uzun müddət ağır fiziki və psixoloji əzab çəkib.
Faktla bağlı ata barəsində xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə qətl törətmə və azyaşlıya işgəncə vermə maddələri üzrə cinayət işi başlanılıb.
Hadisənin digər təfərrüatları araşdırılır.