Bakıda içki məclisi QANLA BİTDİ:  dostunu ürəyindən vurdu - TƏFƏRRÜATLAR
23 iyun 2025 20:15 (UTC +04:00)

Bakıda içki məclisi QANLA BİTDİ: dostunu ürəyindən vurdu - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyunun 28-də Bakının Xəzər rayonunda qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları dərhal əraziyə yollanıblar. Məlum olub ki, hadisə Stansiya Qala adlanan ərazidə yerləşən kafedə baş verib. 
 
Hadisə ilə əlaqədar Bakı şəhər sakini, əvvəllər məhkum olunmayan 1995-ci il təvəllüdlü Akif Məcidov 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1984-cü il təvəllüdlü Zaur Nemətovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 27-i saat 23 radələrində Stansiya-Qala ərazisində yerləşən kafenin həyətində Akif Məcidov aralarında yaranmış mübahisə zamanı, üzərindəki bıçaqla Zaur Nemətovun ürək nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə Z. Nemətov dünyasını dəyişib.


 
İş üzrə dndirilmiş Akif Məcidov bildirib ki, iyunun 27-də dostu Azərin avtomobili ilə Qala qəsəbəsinə gedib. Restorana daxil olanda Əli, Asim, İslam və Zaur adlı tanışlarının masa arxasında oturduqlarını görüb:

“Azər 15 dəqiqədən sonra işi olduğunu deyib, sağollaşdı. Mən Əli və Zaurla əvvəl pivə, sonra isə bir şüşə araq içdik. Hesabı ödəyib restorandan çıxdıq və İslamın avtomobilinə əyləşib başqa bir yerdə çay içməyə qərar verdik. İslam maşını Stansiya Qala ərazisində yerləşən kafenin qarşısında saxladı. Obyektə daxil olub çay sifariş etdik. Başqa tanışıma zəng edib onunla əsəbi şəkildə danışdım. Danışığımı qurtarandan sonra Zaur nalayiq şəkildə mənə “az danış, baş-beynimizi xarab eləmə” dedi.

Zaurdan nəyə görə söyüşlə danışmasını soruşanda, aramızda mübahisə başladı. Zaur mənə təpiklə zərbələr vurdu, zərbənin təsirindən yıxılmayım deyə Zaurun köynəyindən tutdum. Hər ikimiz yerə yıxıldıq. Tanışlarımız bizi ayırmağa çalışırdılar.

Həmin vaxt kafedə bizdən başqa müştəri yox idi. Kafenin həyətində Zaur üzümə sillə vurdu. Yerə yıxılan kimi, yumruqla zərbə  endirib onu boğdum. Uşaqlıqdan ürəyimdə xəstəlik olduğundan nəfəs almaqda çətinlik çəkirdim. Sağ əlimlə cibimdə olan bıçağı çıxaranda, Zaur onu əlimdən aldı. Əllərini tutub ayaqlarımla onu itələsəm də, tanışımı özümdən kənarlaşdıra bilmədim. Zaur üzərimə yıxıldı və dərhal sinəsini tutub ayağa qalxdı. Kafenin həyətindən çıxdım. Yerə baxanda qan ləkələrini gördüm. Əli ilə İslam Zauru Mərdəkan qəsəbəsində yerləşən Xəzər Tibb Mərkəzinə apardılar. Həkimlər müayinə edib Nemətovun öldüyünü bildirdilər. Özüm polisə zəng edib hadisə barədə məlumat verdim”.

Akif Məcidov əlavə edib ki, fiziki cəhətdən ondan daha güclü olan Zaur brelok formasında olan bıçağı əlindən alanda kəsici alət bağlı vəziyyətdə olub. Çox güman ki, onlar yerdə süpürləşərkən, Zaurun əli düyməyə dəyib və bıçaq açılıb.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Bahariyyə Gərayeva ifadəsində göstərib ki, iyunun 27-də günorta böyük oğlu Zaur evdən dost-tanışı ilə görüşmək adı ilə çıxıb:

“Ayın 28-i saat 15 radələrində evimizə gələn 5-6 nəfər, oğlumun öldüyünü xəbər verdilər. İslam adlı şəxs Qala qəsəbəsində baş vermiş hadisəni danışdı. Bundan sonra onlarla birlikdə patoloji anatomiya şöbəsinə gəldim və oğlumun meyitini təhvil aldıq”.
 
Şahid Əli Zeynalov bildirib ki, iyunun 27-də Akif avtomobildə olarkən və maışndan düşərkən kiminləsə əsəbi şəkildə, ucadan söyüş söyə-söyə danışıb:

“Buna görə Zaur Akifə iradını bildirdi və sözlü mübahisəyə, sonra isə əlbəyaxa davaya səbəb oldu. Akifin əlindən, Zaurun isə sinəsindən qan axırdı. Akifin Zauru bıçaqla vurduğunu görməmişəm”.
 
Məhkəmə iclasında Akif Məcidov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Zaur Nemətova məqsədli şəkildə bıçaqla zərbə endirməyib. Onu öldürmək fikri olmayıb. Zərbələrindən yayınmaq üçün bıçaqla Zaurun əlindən ya qolundan vurmaq istəyib ki, ondan uzaqlaşsın.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayəti olmadığını bildirib.
 
Məhkəmə nəticəyə gəlib ki, Akif Məcidovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Odur ki, ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Məcidov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar