Bakıda müharibə iştirakçısı ketçupa görə  qardaşını bıçaqladı - TƏFƏRRÜATLAR
06 sentyabr 2024 20:15 (UTC +04:00)

Bakıda müharibə iştirakçısı ketçupa görə qardaşını bıçaqladı - TƏFƏRRÜATLAR

Bakıda qardaş qardaşı qeyri-adi səbəbə görə bıçaqlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Qısa məlumat: Hadisə bu ilin aprelin 3-də paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində 22 yaşlı Murad Nağızadə və 21 yaşlı Fuad Nağızadə qardaşları evdə axşam yeməyi yeyərkən baş verib. Belə ki, iki qardaş mətbəxdə yemək yeyərkən Fuad masadakı ketçup qabını ağzına qoyaraq sormağa başlayıb. Böyük qardaş Murad Fuada belə ədəbsiz formada yeməməsi barədə xəbərdarlıq edib. Fuad isə qardaşının sözünü ciddiyə almayaraq onun başına 2 şillə vurub. Nəticədə Murad böyük olduğu üçün bu hərəkəti qəbul etməyərək, əsəbiləşib və kolbasa doğramaq üçün əlinə götürdüyü bıçaqla qardaşının qarnına xəsarət yetirib.

Məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilərək qeyd edib:

“Saat 7-də evə gələndə qardaşımla nənəm evdə idi. Anam isə işdə. Nənəm qonaq otağında təmizlik işləri görürdü. Bizdən çarpayını çölə çıxarmağımızı istədi. Qardaşımla birgə onu çölə çıxardıq. Sonra Fuadla mətbəxdə yemək yeməyə getdik. Yemək yeyərkən qardaşım masada olan ketçupun qabını ağzına tutaraq ədəbsiz formada ağzı ilə birbaşa sormağa başladı. Ona elədiyi hərəkətə görə irad bildirdim. Dedim ki, həmin ketçupdan ondan başqaları, elə mən də istifadə edirəm. Ağzına vurmamasını xahiş etdim. Mənə “yaxşı edirəm” dedi. Əlimin tərsi ilə ayağına yavaşca şillə vurub, bir də eləməməsini dedim. Fuad başıma 2 dəfə şillə vurdu. Ondan böyük olduğum üçün bunu qəbul etmədim, əlimdəki bıçaqla onun qarnına zərbə vurdum. Əməlimdən çox peşmanam. Məqsədim qardaşımı öldürmək olmayıb. Onu qorxutmaq istəyirdim”.

Məhkəmə zalında dindirilən zərərçəkmiş Fuad Nağızadə qardaşından şikayətinin olmadığını deyib:

“Mətbəxdə qardaşımla yemək yeyərkən ketçupu ağzıma qoyaraq sormağa başladım. Qardaşım xəbərdarlıq etdi, onu qeyri-səmimi qəbul elədim. Başına 2 dəfə şillə vurdum. Murad bunu qəbul etməyərək kolbasa doğradığımız bıçaqla qarnıma vurdu. Səsə nənəm gəldi. Heç bir şikayətim və tələbim yoxdur”.

Şahid qismində dindirilmiş Fati Hüseynova ifadəsində göstərib ki, hadisə baş verən ünvanda qızı və nəvələri ilə birlikdə yaşayır:

“Evdə təmizlik işləri görürdüm. Uşaqlardan qonaq otağındakı köhnə çarpayını çölə çıxarmasını istədim. Bir neçə dəqiqə sonra səs eşitdim, mətbəxə qaçdım. Fuadın əli ilə qarnını tutduğunu gördüm. Muraddan nə baş verdiyini soruşanda Fuadı bıçaqla vurduğunu dedi”.

Məhkəmənin qərarı ilə təqsirləndirilən Murad Nağızadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisəni törətmiş Murad Nağızadə Vətən Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5424
avatar

Fidan İlqar

Oxşar yazılar