Barda iki qardaşı bıçaqlayan  azərbaycanlı həbs olunmasına etiraz etdi
19 fevral 2026 09:23 (UTC +04:00)

Barda iki qardaşı bıçaqlayan azərbaycanlı həbs olunmasına etiraz etdi

1

Rusiyanın Orenburq Vilayət Məhkəməsi iki nəfərə ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinən 35 yaşlı Azərbaycan vətəndaşı barəsində çıxarılmış hökmü dəyişməyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 23 fevral 2025-ci ildə baş verib. Həmin gün azərbaycanlı 44 və 43 yaşlı iki qardaşı qarnından bıçaqlayıb.

Zərərçəkənlərin sözlərinə görə, barda istirahət edərkən başqa bir qrupdan olan kişi ilə aralarında mübahisə yaranıb. Müəssisənin foyesində baş verən dava zamanı həmin şəxs onlara qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçıb.

Cinayətkar Akbulak rayonunda OMON əməkdaşları tərəfindən saxlanılaraq Orenburqa aparılıb.

Kişi istintaqa hadisənin öz versiyasını danışıb. Onun sözlərinə görə, videobağlantı vasitəsilə qohumları ilə danışırmış və ətraf mühiti çəkirmiş, bu isə zərərçəkənlərin xoşuna gəlməyib. Hadisədən sonra vəziyyətin ciddi olduğunu anlayan Azərbaycan vətəndaşı vağzala gedib və taksi sürücüsü ilə 8 min rubl müqabilində onu Qazaxıstan ərazisinə aparması barədə razılığa gəlib.

Ötən ilin dekabr ayının əvvəlində iş məhkəməyə çatıb və məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il müddətinə ciddi rejimli islah müəssisəsndə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Zərərçəkənlərin mülki iddiaları qismən təmin olunub.

Məhkumun müdafiəçisi hökmü apellyasiya qaydasında şikayət edib və kişinin hərəkətlərinin zəruri özünümüdafiə çərçivəsində olduğunu iddia edib. Lakin bu arqument qəbul olunmayıb.

Orenburq Vilayət Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq onların təmin edilməsi üçün əsas tapmayıb və birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 376

Oxşar yazılar