Cəlilabadda ŞOK:   9 il əvvəl itkin düşən qadın öldürülübmüş - YENİLƏNİB
13 noyabr 2025 15:19 (UTC +04:00)

Cəlilabadda ŞOK: 9 il əvvəl itkin düşən qadın öldürülübmüş - YENİLƏNİB

0

Baş Prokurorluq Cəlilabadda 9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi faktı ilə bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

***

saat 13:03

Cəlilabad rayonunda 2016-cı ildə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızı qətlə yetirilib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub. 

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1230

Oxşar yazılar