Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid N.M. Amin Nurinin onun əmisi oğlu olduğunu bildirib:
"Aslan tüfeyli həyat sürürdü, narkotik istifadəçisi idi. Amin həmişə onu bu əməllərindən çəkindirməyə çalışırdı, amma o qulaq asmırdı. Olurdu ki, ayaqyoluna keçmək istəyəndə Aslanı halı qarışmış vəziyyətdə, əlində şpris yerdə qaldığını görürdüm. Bəzən evə qadınlarla gəlirdi, onlar da narkotik istifadə edirdilər, özlərində olmurdular deyə paltarsız vəziyyətdə həyətdə gəzişirdilər. Belə halda Amin ailəsinə görə çox narahat idi. Aslan hər dəfə Amini təhdid edirdi ki, səni ailənlə birlikdə yandıracam. Mən hadisənin necə baş verdiyini görməmişəm, amma hadisə günü Amin məni çağırıb dedi ki, Aslanı öldürmüşəm, gedirəm təslim olmağa".
Növbəti proses digər şahidlərin dinlənilməsi üçün 4 mart 10:15-ə təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edib və könüllü təslim olub.
Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri qucağında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirib və könüllü polisə gedəcəyini deyib.
Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib. Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.