Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagird Ə.Ş-nin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən Ə.Ş-nin anket məlumatları dəqiqləşdirilib.
Müdafiə vəkili çıxış edərək təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək, məhkəmə proseslərinin qapalı keçirilməsi, indiki mərhələdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.
Qısa müşavirədən sonra məhkəmə tərkibi müdafiə tərəfin vəsatətlərinin təmin edilmədiyini, işin məhkəmə baxışına verilərək 1 iyula təyin olunduğunu elan edib.
Xatırladaq ki, hadisə 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.