"Niyyətim anamı-bacımı qorumaq idi" - Atasını öldürən  Ayxanın İFADƏSİ
06 may 2026 15:40 (UTC +04:00)

"Niyyətim anamı-bacımı qorumaq idi" - Atasını öldürən Ayxanın İFADƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ayxan Vəlizadə özünü qismən təqsirli bildiyini bildirib. 

Məhkəmə daha sonra təqsirləndirilənin ifadəsi ilə davam edib:

"İttiham aktında qeyd olunub ki, mən onu qisas məqsədi ilə öldürmüşəm, amma bu doğru deyil. Biz ailədə beş uşaq olmuşuq. Gözümü açandan həmişə anamı gözüyaşlı görmüşəm, atam ona gün verməyib. Atam həmişə anamı xəyanətdə günahlandırırdı, döyürdü. Yazıq qadının gözünün yaşının tökülmədiyi bir gün yox idi. Mən onu müdafiə edəndə məni də anama qatıb şil-küt edirdi. Anam neçə dəfə boşanmaq istəsə də, atam bunu edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirdi.

Hadisə günü saat 11-də evdən çıxıb universitetə getdim. Universitetdən qayıdanda, evə daxil olmamış atamın qışqırığını eşitdim. Tez özümü evə verəndə atamın bacıma hücum edərək əxlaqsızın biri, indi də oğlanla gəzməyə başlamısan? dediyini eşitdim. Yazıq anam atamı tutub saxlamağa çalışırdı ki, bacımı döyməsin. Atam anamı qırağa itələyib bacımın saçından yapışıb onu evdə sürüməyə başladı, qışqırırdı ki, onun canını alacaq. Atam bacımı sürüyüb mətbəxə apardı. Anam qorxdu ki, o, bıçağı götürüb bacımı vurar, odur ki, onun ardınca getdi. Atam həqiqətən bıçağı götürüb bacıma saplamağa çalışırdı. Anam özünü onun üstünə atıb bıçağı almağa çalışanda barmaqları kəsildi. Mən mətbəxə qaçanda anamı qan içində görüb elə bildim ki, atam anamın qarnından vurub. Atamı saxlamağa, bıçağı ondan almağa çalışdım. Atam bir əli ilə bacımın saçından tutub dartır, digər əli ilə də məni uzaqlaşdırmağa çalışırdı. İnanın, bilmirəm necə oldu xatırlamıram, bir də gördüm atam yerdə yıxılıb, qan içində xırıldayır. Özümə gələndən sonra 102 və 103 xidmətlərinə zəng elədim. Mənim niyyətim qisas almaq yox, anam və bacımı qorumaq olub".

Növbəti proses 3 iyun saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə baş verib.

44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun oğlu 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı cinayət işi başlanılıb,  A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar