Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkilləri çıxış edib.
Kuçer Konstantinin vəkili Elşad Hacıyev çıxışında bildirib ki, zərərçəkən həmin gün mübahisə etməyə gəlib: "Zərərçəkən Valeriy Nikolayeviç həmin gün ofisə K.Kuçerlə verdiyi pulla əlaqədar bir növ "razborka" etməyə gəlmişdi. O, təqsirləndirilənləri təhqir edib və xəbərdar olunduğu halda üzr istəməyib. Şahid ifadələri də sübut edir ki, onlar mübahisə etdikləri otaqda şüşə butulka da olmayıb. Buna görə də sizdən xahiş edirəm ki, Kuçer Konstantinə bəraət verəsiniz və mülki iddianı əsassız hesab edəsiniz".
Oleq Bakinskinin vəkili Xeyransə Babayeva çıxış edib və ittihamların əsassız olduğunu bildirərək müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Prosesin davamında Oleq Bakinski son sözlə çıxış edib. O bildirib ki, ittiham olunduğu əməli törətməyib: "Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz".
Kuçer Konstantin son söz üçün vaxt istəyib.
Proses iyulun 25-nə təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında "Oleq Bakinski" ilə yanaşı, 2010–2011-ci illərdə Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini olmuş Konstantin Antonoviç Kuçer də yer alır. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Zərərçəkənlər kimi "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Valeriy Nikolayeviç Zaxarenkov tanınıb. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin qətimkan tədbiri məhkəmə baxışı zamanı ev dustaqlığı ilə əvəz olunub.
Fidan Fərmanlı