Oliqarx İsgəndər Mahmudov  barəsində BİLİNMƏYƏNLƏR
04 sentyabr 2025 15:15 (UTC +04:00)

Oliqarx İsgəndər Mahmudov barəsində BİLİNMƏYƏNLƏR

0

İskəndər Kaxramonoviç Mahmudov tanınmış rusiyalı oliqarx, “Ural Mədən-Metallurgiya Şirkəti”nin (UGMK) prezidenti və əsas səhmdarıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, 1984-cü ildə Daşkənd Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, ərəb dili üzrə hərbi tərcüməçi ixtisası alıb.

1980-ci illərdə Liviya və İraqda sovet hərbi məsləhətçilərinin tərcüməçisi kimi çalışıb. Daha sonra ticarət və metallurgiya sahəsinə keçərək, 1990-cı illərin əvvəllərində Moskvaya köçüb və qısa zamanda iri biznes dairələrinə daxil olub.

1999-cu ildən Mahmudov UGMK-nın prezidenti olaraq Rusiyanın ən iri metallurgiya holdinqlərindən birini idarə edir. Şirkətin əsas fəaliyyəti mis, sink, qurğuşun, qiymətli və nadir torpaq metalları istehsalı ilə bağlıdır. UGMK həmçinin dəmir yolu vaqon istehsalı, energetika və maşınqayırma sahələrinə də sərmayə yatırıb. Onun digər biznes layihələrinə “Transmaşholdinq” (lokomotiv və vaqon istehsalı), “Aeroekspress” (hava limanlarına sərnişin daşımaları) və silah istehsalçısı “Kalaşnikov” konsernindəki payı daxildir.

Mahmudovun sərvəti 2017-ci ildə 6,5 milyard dollar dəyərləndirilib və o, Rusiyanın ən varlı iş adamları siyahısında ilk iyirmilikdə yer alıb. İş adamı həmçinin xeyriyyə sahəsində də fəallığı ilə tanınır. Son onillikdə müxtəlif sosial və tibbi layihələrə, uşaq evlərinə və müharibə veteranlarına yardıma 1 milyard dollardan çox vəsait ayırıb.

Bununla yanaşı, Mahmudovun adı illərdir müxtəlif qalmaqallarla da bağlı çəkilir. KİV-də onun kriminal qruplarla əlaqələri, müəssisələrin güc yolu ilə ələ keçirilməsi, ofşor vasitəsilə pulların çıxarılması və vergi ödənişlərindən yayınması barədə iddialar dəfələrlə yer alıb. Xüsusilə İspaniyada ona qarşı çirkli pulların yuyulması ilə bağlı cinayət işləri aparılıb. Eyni zamanda ekoloji təşkilatlar UGMK-nın bəzi zavodlarının ətraf mühitə zərər vurduğunu qeyd ediblər.

Hazırda Mahmudov biznes imperiyasını genişləndirməkdə davam edir. UGMK-nın tərkibinə təxminən 50 iri müəssisə daxildir və şirkət Rusiyanın metallurgiya bazarında aparıcı mövqedədir. Buna baxmayaraq, onun biznes metodları barədə mübahisələr və ittihamlar hələ də gündəmdə qalır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar