Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
03 iyun 2025 20:15 (UTC +04:00)

Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü ilin aprel ayında Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Balaxanı qəsəbəsi, “Fazenda” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Yataq otağında, döşəmədə, üzü üstə uzanıqlı vəziyyətdə 2006-cı il təvəllüdlü Rəşid İmanovun meyiti aşkar edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Rəhim Əsədov 2024-cü ilin aprel ayından “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşid İmanovla əlaqə saxlayaraq, iyunun 14-ü saat 11 radələrində, Rəşidin Balaxanı qəsəbəsində yaşadığı evə gedib. Rəhim orada Rəşid İmanovun onunla oral sekslə məşğul olmaq təklifini qəbul etməyərək, əmlakını ələ keçirməyi qərarlaşdırıb. Pul vəsaitini və “iPphone” markalı mobil telefonunu ələ keçirmək məqsədi ilə hücum edərək, Rəşidin boğazından tutub və üzü üstə döşəməyə yıxıb. Dərhal sonra mətbəxə keçərək, ordan məişət təyinatlı bıçağı götürüb otağa qayıdaraq, Rəşid İmanovun boğazına və boynuna xəsarətlər yetirib. Nəticədə zərərçəkən ölüb.


 
İş üzrə dindirilmiş Rəhim Əsədov bildirib ki, 2006-cıdə Yevlax şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Şuşa rayonun Xəlifəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə Bakı şəhərində, Ramana qəsəbəsinin Südçülük sovxozunda yaşayıb:

“Hadisədən təxminən 2 ay əvvəl sosial şəbəkədə “Ağa” adlı profili işlədən Rəşid İmanovla tanış olmuşam. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığım ünvanda görüşmüşük. Mayın 10-da “Whatapp” tətbiqində yazışarkən Rəşid məni yaşadığı evə dəvət etdi. Görüşüb, ondan borca 50 manat pul aldım. İyunun 13-ü saat 22 radələrində “Whatapp”da danışarkən Rəşid növbəti gün məni yenidən evə çağırdı. Ayın 14-ü saat 11 radələrində ondan 100 manat almaq məqsədi ilə yaşadığı ünvana getdim. Rəşid məni qarşılayaraq, çay içməyi təklif etdi, mən isə cavabımda vaxtım olmadığını və pul üçün gəldiyimi dedim. Rəşid ünvanıma nalayiq ifadələr işlədəndə, əsəbiləşərək boğazından tutub onu döşəməyə yıxdım. Söyüş söyməkdə davam edən tanışımı öldürməkdən ötrü mətbəxdən bıçağı götürdüm. Döşəmədə uzanan Rəşidin saçından tutub başını bir az yuxarı qaldırdım.

Bıçaqla boğazına zərbələr endirdim. Rəşidin öldüyünü görüb masa üzərində olan mobil telefonu götürüb evi dərhal tərk etdim. Hadisənin şahidi olmasa da, həmin gecə polis əməkdaşları yaşadığım ünvana gəlib məni 12-ci şöbəyə apardılar”.

Rəhim Əsədov əlavə edib ki, hadisə zamanı özü xəsarət almayıb. Qaydasız döyüşlə məşğul olduğu üçün qısa zamanda Rəşidin müqavimətini qırıb. Rəşid onu bir dəfə yumruqla vurmaq istəsə də, zərbədən yayınıb. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə təsiri altında olmayıb.
 
Məhkəmə iclasında Rəhim Əsədov bildirib ki, Rəşid İmanovdan borca aldığı pulu qaytarmayıb: “Hadisə günü ondan ikinci dəfə yenə borc almaq üçün evinə getdim. Rəşid ünvanıma söyüş söyməsəydi bu hadisə baş verməzdi. Hadisəni törətdikdən sonra mərhumun telefonunu izi itirmək niyyəti ilə götürdüm, sonra könüllü onu polis əməkdaşlarına təqdim etdim”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadəsində göstərib ki, o, Salyan rayonunun Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Böyük oğlu Rəşid müxtəlif restoranlarda aşpaz kimi çalışıb:

“Özüm Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmuşam. İyunun 15-də 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi məni yanına çağıraraq, dedi ki, oğlum öldürülüb və buna görə mən təkadamlıq kamerada saxlanılmalıyam. Bu hadisə cəzamın bitməsinə 9 gün qalmış baş verdi. Bu xəbəri eşidəndə əvvəl oğlumun düşmənlərim, yəni qətlə yetirdiyim şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşündüm. Amma azadlığa çıxandan sonra mənə məlumat verdilər ki, oğlumu Rəhim adlı həmyaşıdı vurub. Rəşid sağlığında sakit təbiətli, davaya meyili olmayan uşaq idi. Ailə üzvlərim bir ildir ki, Balaxanı qəsəbəsində, kirayədə yaşayırdılar”.

Rüstəm İmanov bildirib ki, azadlığa çıxandan 2 gün sonra Rəhimin Nizami adlı qohumu 1000 manat pul gətirərək “həbsxanadan təzə çıxmısan, lazım olar” deyib. Ümumilikdə təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2200 manat pul verilib. O, Rəhim Əsədovdan şikayəti olmadığını qeyd edib.
 
Şahid Fərid Əliyev ifadəsində göstərib ki, Rəşid onun dostu İsmayıl İmanovun əmisi oğlu olub:

“İyunun 14-də qəsəbədə yerləşən marketin qarşısında İsmayılla görüşdüm. Rəşidə zəng vursaq da, cavab vermədi. Bir müddətdən sonra Rəşidin anası İsmayıla zəng edərək, oğlundan narahat olduğunu bildirərək, evlərinə gedib ona baxmağımızı istədi.

Birlikdə darvazadan həyətə keçib, qapısını döysək də, açan olmadı. Daha sonra pəncərədən evə girməkdən ötrü, İsmayıl qonşudan kəlbətin götürərək, mismarları çıxardı. Yataq otağına daxil olanda Rəşidi yerdə üzü üstə uzanıqlı vəziyyətdə gördük. Halım pisləşdiyi üçün dərhal otaqdan çıxdım. İsmayıl mənim telefonumdan polisə və təcili tibbi yardıma zəng vuraraq, bu barədə məlumat verdi”.


 
Mərhumun anası, şahid Günel İmanova bildirib ki, yoldaşının təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir. Şəxsən o, Rəhim Əsədova ən ağır cəza verilməsini xahiş edib.
 
Şahid Adilə Əsədova bildirib ki, həyat yoldaşı 2011-ci ildə ürək tutmasından vəfat edib:

“Oğlum Rəhim Ağdaş şəhərində Humanitar kollecdə təhsil alıb. Hərbi xidmətə yollanmağa hazırlaşırdı. İyunun 14-də səhər Rəhim yemək yeyib evdən çıxıb və
günortadan sonra geri qayıdıb. Həmin gecə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yalnız onda oğlumun Rəşid adlı oğlanı yaşadığı evdə bıçaqla öldürdüyünü öyrəndim”.
 
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.
 
Məhkəmədə son söz söyləyən Rəhim Əsədov özünü verilmiş ittihamla bir daha təqsirli bilməyib. O özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli hesab etdiyini deyib. Hadisə yerindən uzaqlaşarkən mərhuma məxsus telefonu quldurluq niyyəti ilə deyil, cinayətin izini gizlətmək üçün götürdüyünü vurğulayıb.


 
Məhkəmə Rəhim Əsədovun əməllərinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif olunmasını və ona müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayıb. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18336

Oxşar yazılar