Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Nizami oğlu Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək Murad Əmirovun 18 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən istəyib.
Qısa müşavirədən sonra məhkəmə Murad Əmirovun psixoloji problemləri olması əsası ilə onun məcburi müalicəyə cəlb olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Xatırladaq ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində o, atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.