İndoneziyanın Bali adasında fevralın 15-də qaçırılan "qanuni oğru" İqor Komarovun oğluna məxsus olduğu ehtimal edilən parçalanmış cəsəd tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, polisin məlumatına görə, şəxsiyyəti müəyyən etmək üçün ekspertizalar aparılana qədər dəqiq məlumat verə bilmirlər, amma Komarov ola biləcəyi ehtimalını istisna etmirlər. Araşdırmaçılar, cəsədin qolunda Roma rəqəmləri ilə tatuaj tapıblar. Hazırda DNT analizləri aparılır.
Cəsədin hissələrini idmanla məşğul olan yerli sakinlər tapıblar. Tapılan hissələr arasında baş, sağ ayaq, sinənin yuxarı hissələri, çanaqlar və bəzi daxili orqanlar yer alır. Cəsəd hissələri artıq çürüməyə başlayıb.
Ekspertlərin qiymətləndirmələrinə görə, mərhumun ölümündən üç gündən artıq keçib.
