Siqaret qaçaqmalçılığında təqsirləndirilənlər HAKİM QARŞISINDA
01 iyul 2026 12:55 (UTC +04:00)

Siqaret qaçaqmalçılığında təqsirləndirilənlər HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslərin məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Daha sonra müdafiəçilər məhkəməyə vəsatət verib.

Təqsirləndirilən Zaur Haşımovun vəkili müvəkkilinin yoldaşının xərçəng xəstəsi olduğunu, daimi yaşayış yerinin məlum olduğu, istintaqdan yayınması üçün əsas olmadığını, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Eyni zamanda təqsirləndirilən Amil Cəbrayılov və Fərid Usubovun vəkilləri də müvəkkilləri barədə ev dustaqlığının seçilməsini xahiş edib.

Təqsirləndirilən Fərrux Haqverdiyevin müvəkkili bildirib ki, müvəkkilinin oğlu müharibə veteranıdır, özü də müsbət xarakterizə edilir. Bunların nəzərə alınmasını, şəxs barəsində həbs qətimkanın ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Daha sonra Tamerlan Axundzadənin vəkili vəsatət verərək bildirib ki, müvəkkili 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. Vəkil sadalananların nəzərə alınmasını, şəxs barəsində həbs qətimkanın ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Tamerlan Axundzadə vəsatətə münasibət bildirərkən qeyd edib ki, mən cinayət törətməmişəm və özümü təqsirli bilmirəm.

Təsirləndirilən Heydər Eyvazlının vəkili məhkəməyə bildirib ki, işim baxılmasına xitam verilməli, yenidən araşdırılması üçün istintaq orqanına geri qaytarılmalıdır.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini, işin baxışa verilməsini təklif edib.

Məhkəmə vəsatətlərin təmin edilməməsini, işin baxışa verilməsi barədə qərar qəbul edib.

Növbəti proses 15 iyulda davam edəcək.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Hazırda Ruslan Eyyubovun cinayət işi üzrə istintaq araşdırması davam edir.

Qeyd edək ki, ötən ilin dekabr ayının 23-də Baş Prokurorluğun Mətbuat xidməti qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi ittihamı bir sıra vəzifəli şəxsin saxlanılması ilə bağlı məlumat yaymışdı. 2026-cı ilin iyun ayının 5-də isə saxlanılanlardan biri olan Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar