Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “UĞUR 777” estetik mərkəzində yol verildiyi iddia olunan qanunsuzluqlarla bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işi araşdırılıb.
Proses məhkəmə heyətinin və müdafiəçilərin zərərçəkən F.C-yə sualları ilə davam edib.
Zərərçəkən əməliyyat zamanı təqsirləndirilən şəxslərin hamısının mərkəzdə olduğunu bildirib:
“Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. İkinci əməliyyata məni Xəyalə xanımın rəfiqəsi Ülviyyə apardı. Çünki Xəyalə telefon zənglərimə cavab vermirdi. Ülviyyə sağrı nahiyəmdə aparılan əməliyyata görə 500 manat ödədi. Onların ödədiyini gördüyüm məbləğ bu qədərdir. Yaratdıqları fəsada görə heç biri mənə kömək etmədi. Bu gün də ciddi sağlamlıq problemləri yaşayıram. Şikayətçiyəm, barışıq yoxdur”.
Təqsirləndirilən Xəyalə İsmayılova isə zərərçəkənin sonradan üzləşdiyi sağlamlıq problemlərinin müalicəsi üçün 8 min 700 manat xərclədiyini deyib. O, bunu təsdiqləyən həkim danışıqlarının olduğunu bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 20-si saat 09:15-ə təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin dekabrında bir qrup şəxsin qanunsuz estetik əməliyyatlar aparması barədə mediada məlumat və videogörüntülər yayılıb. Bununla bağlı Baş Prokurorluqda araşdırma başlanıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan “UĞUR 777” estetik mərkəzinin qanunsuz fəaliyyət göstərməsinə, tibbi standartlara riayət edilmədən müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların aparılmasına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən şəxslərin həyata keçirdikləri əməliyyatlar nəticəsində ayrı-ayrı şəxslərin sağlamlığına ağır zərər vurulmasına dair şübhələr də yaranıb.
Araşdırma zamanı həmin şəxslərdən bəzilərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsilinin, eləcə də praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya şəhadətnaməsinin olmadığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və digər maddələri ilə cinayət işi başlanıb.
Xəyalə İsmayılova barəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma və sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarını pozma maddələri üzrə inzibati icraat da başlanıb.