"Xərclədiyim bütün pulları qaytar"  - Bakıda kişi keçmiş arvadının boğazını kəsdi - HADİSƏ ANI
10 mart 2026 20:15 (UTC +04:00)

"Xərclədiyim bütün pulları qaytar" - Bakıda kişi keçmiş arvadının boğazını kəsdi - HADİSƏ ANI

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2025-ci il fevralın 10-u Bakının Suraxanı rayonunda qadın bıçaqlanır. Belə ki, vətəndaş Namiq İbadov Hövsan qəsəbəsində bir qadının əri tərəfindən bıçaqlanması barədə polisə məlumat verib.

Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanları əraziyə yollanıb. Məlum olub ki, hadisə Hafiz Quliyev küçəsində yerləşən 270 nömrəli orta məktəbin qarşısında baş verib. Hadisə yerindən qana bulaşmış narıncı rəngli papaq, bir ədəd inşaatda istifadə olunan kəsici alət aşkar edilərək götürülüb.


 
Cinayəti törədən 1969-cu il təvəllüdlü Əfqan Atakişiyev saxlanılıb.
 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. 

Lent.az hadisənin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, fevralın 10-u saat 15 radələrində Əfqan Atakişiyev Hövsan qəsəbəsində yerləşən məktəbin qarşısına gələrək orda xadimə işləyən keçmiş arvadı 1974-cü il təvəllüdlü Gülsadət Həmidovanın çıxmasını gözləyib. Qadın işdən çıxanda, Əfqan əsaslı səbəb olmadan, arxadan yaxınlaşıb tutmaqla, üzərində gətirdiyi kəsici alətlə Həmidovanın boğazına 7 dəfə zərbə endirib. Həmin vaxt məktəbin yanından keçən Cavid Cəfərov buna mane olub və qadın vaxtında xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.

İş üzrə dindirilmiş Əfqan Atakişiyev bildirib ki, Gülsadət Həmidova ilə 1996-cı ildən qeyri-rəsmi yaşayıb, 2009-cu ildə aralarında rəsmi nikah bağlanıb, iki övladları dünyaya gəlib. 2024-cü ilin fevral ayında boşanıblar:

“Ayın 10-da səhər keçmiş arvadımın işlədiyi orta məktəbə gedib ona evdə qalan şəxsi əşyalarımı verməsini, həmçinin birgə yaşadığımız dövrdə kirayə qaldığımız evlərdə, ailəmə sərf etdiyim pul vəsaitini toplayıb qaytarmasını dedim. Cavabında Gülsadət məni söyərək çıxıb getməyimi tələb etdi. Bundan qəzəblənərək qadını öldürmək qərarına gəldim. Bu məqsədlə qardaşım Babək Atakişiyevlə birlikdə yaşadığım evə gedərək kəsici aləti götürdüm və günorta yenidən məktəbin qarşısına gəldim. İşdən çıxan qadına yaxınlaşaraq əlimdəki alətlə arxadan boğazına dəfələrlə xəsarətlər yetirdim. Bu zaman yoldan keçən tanımadığım kişi yaxınlaşaraq, mənə mane oldu və aləti əlimdən aldı. Gülsadət məktəbin həyətində yıxılaraq uzanıqlı vəziyyətdə qaldı. Bundan sonra məktəbin arxasında yerləşən kafeyə gedib araq içdim və bir müddətdən sonra polis əməkdaşları tərəfindən saxlanıldım”.


 
Məhkəmə iclasında Əfqan Atakişiyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. Bildirib ki, fevralın 10-da məktəbə gedərək özünə ev tikməkdən ötrü Gülsadətə 1996-cı ildən 2024-cü ilədər ona və uşaqlarına çəkdiyi bütün xərcləri hesablayıb, qaytarmasını tələb edib:

“Bu zəmində aramızda mübahisə yarandı. Əgər hadisə vaxtı məni dayandıran olmasaydı, zərbələr vurmaqda davam edəcəkdim. Məqsədim qadını cəzalandırmaq olub, onu öldürmək niyyətim yox idi, əks halda birbaşa boğazını kəsərdim”.
 
Zərərçəkmiş Gülsadət Həmidova ifadəsində göstərib ki, 2013-cü ildən 270 nömrəli orta məktəbdə xadimə işləyir. Nikahda olduğu müddətdə Əfqan Atakişiyev ona və uşaqlarına həmişə əziyyət verib, spirtli içki aludəçisi olmaqla mütəmadi onları döyüb, təhqir edib və müxtəlif üsullarla alçaldıb:

“Narkotik vasitələrdən istifadə edirdi. Fevralın 10-da Səadət adlı iş yoldaşım Əfqanın məktəbin qarşısında məni gözləməsini xəbər verdi. Sərxoş vəziyyətdə olan keçmiş ərim birgə yaşadığımız müddət ərzində xərclədiyi pul vəsaitini geri qaytarmağımı tələb etdi. Bundan əlavə, dövlət tərəfindən oğluma müharibə veteranı olması ilə əlaqədar verilən evi sataraq pulu ona verməyimi istəyirdi. Cavab olaraq sərf etdiyi vəsaitin qarşısında ona qulluq etdiyimi, övlad böyüdüb ailəmə qayğı göstərdiyimi bildirdim.

Bundan qəzəblənən Əfqan mənə nalayiq ifadələr işlədib vəfat etmiş anasının qəbrinə and içərək məni öldürəcəyini dedi və ordan uzaqlaşdı. Saat 15 radələrində işdən çıxanda, arxadan yaxınlaşan Əfqan qəflətən saçlarımdan tutub yerə yıxaraq,  yaşamağa haqqım olmadığın» dedi və əlindəki kəsici alətlə boğazıma xəsarətlər yetirməyə başladı. Əllərimlə müqavimət göstərməyə çalışırdım, qışqırıq səsimə yoldan keçən tanımadığım şəxs yaxınlaşaraq Əfqanı məndən uzaqlaşdırdı. Bir müddətdən sonra gözlərimi açanda, məktəbin həyətində mənə tibbi yardım göstərildiyini gördüm, daha sonra isə məni xəstəxanaya apardılar. Yoldan keçən Cavid Cəfərov keçmiş ərimə mane olmasaydı, Əfqan məni öldürəcəkdi”.


 
Şahid Hüseyn Atakişiyevin istintaq zamanı verdiyi ifadəsinə əsasən, atası Əfqan Atakişiyev çox pis valideyn olub, spirtli içkilərə meylli olub. Onunla və qardaşı ilə məşğul olmayıb, əksinə anasını və onları daim təhqir edib:

“Atamın həbs olunması bizim rahat yaşamağımıza imkan yaratdı. Fevralın 10-da bibim zəng edərək atamın anama hücum etdiyini xəbər verdi. Həmin vaxt anamın döyüldüyünü güman edib qardaşımla birlikdə məktəbin qarşısına çatanda, anamın Sabunçu xəstəxanasına aparılmasını öyrəndim. Bundan sonra bildim ki, atam anama kəsici alətlə ağır xəsarətlər yetirib”.
 
Son sözündə Əfqan Atakişiyev peşman olduğunu bildirərək, məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edib.


 
Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Əfqan Atakişiyevin əməli CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Əfqan Atakişiyev 15 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar