Pop musiqisinin kralı Maykl Ceksonun faciəvi ölümündən on ildən çox vaxt keçsə də, onun yaxın dostu və keçmiş şəxsi vəkili Con Meyson sənətçinin həyatının son aylarına dair təfərrüatları – o cümlədən son sözlərini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Meyson bu haqda yazdığı “Crazy Lucky: Remarkable Stories from Inside the World of Celebrity Icons” adlı kitabında Ceksonun ağır vəziyyətindən bəhs edir. O, Ceksonun maliyyə çətinlikləri, dərman asılılığı və səhnəyə qayıtmaq üçün göstərdiyi ümidsiz səylər fonunda yaşadıqlarını bölüşür.
2009-cu ildə Cekson “This Is It” adlı irimiqyaslı konsert turuna hazırlaşırdı. Bu tur 2009-cu ilin iyulundan 2010-cu ilin martına qədər davam etməli idi. Lakin o, şounun başlamasına bir ay qalmış vəfat etdi. Ceksonun 50 yaşı var idi. Ekspertizanın nəticələrinə əsasən, ölüm səbəbi həkim tərəfindən təyin edilmiş propofol və digər dərmanların dozasından artıq qəbulu olub.
Meyson xatırlayır ki, o, Renoidə olarkən narahatedici bir zəng alıb:
“Mənə dedilər ki, Mayklın vəziyyəti çox pisdir. Tur üçün məşq edirdi, amma bir dəfə səhnədə huşunu itirib yıxıldı. Ertəsi gün yenidən məşq zalında idi. Maykl yenə də Maykl idi”.
Turun təşkilatçısı olan AEG şirkəti Cekson üçün şəxsi həkim kimi doktor Konrad Mürreyi işə götürmüşdü. Məhz o, Ceksona yuxusuzluqla mübarizə aparmaq üçün propofol maddəsini hər gecə damardaxili şəkildə tətbiq etməyə başlamışdı. Lakin hər gecə bu asılılıq daha da güclənirdi.
Meysonun sözlərinə görə, Ceksonun son sözləri ümidsizliklə dolu olub:
“Mən yata bilməsəm, normal fəaliyyət göstərə bilmirəm. Məhz buna görə, bu turneni ləğv etməli olacağıq. Amma istəmirəm ki, onlar bunu ləğv etsinlər”.
Daha sonra doktor Konrad Mürrey səhlənkarlıqdan adam öldürmə ittihamı ilə təqsirli bilinib. Onun Texasdakı tibbi lisenziyası ləğv edilib, Kaliforniya və Nevadadakı lisenziyaları isə dayandırılıb. Məhkəmə onu 4 il həbs cəzasına məhkum edib, lakin cəmi 2 il həbsdə qalıb, 2013-cü ildə şərti azadlığa buraxılıb.
Maykl Ceksonun ölümü musiqi dünyası üçün böyük zərbə olub və pop mədəniyyətində silinməz iz qoyub. Onun son turu heç vaxt reallaşmadı, lakin yaxınlarının bu etirafları sayəsində indi onun son günlərində yaşadığı ağrılar və üzləşdiyi təzyiqlər daha aydın görünür.